Vitamin B12 çatışmazlığı yorğunluq, yaddaşın zəifləməsi və tarazlıq problemləri kimi əlamətlərlə özünü göstərə bilər. Mütəxəssislər bildirirlər ki, bu əlamətlər çox vaxt təbii qocalma prosesi kimi qiymətləndirildiyindən problem gec aşkarlanır.
Demokrat.az xəbər verir ki, B12 vitamini sinir sisteminin fəaliyyəti, qırmızı qan hüceyrələrinin yaranması və DNT sintezi üçün vacibdir. Orqanizmdə bu vitaminin çatışmazlığı uzun müddət hiss olunmaya bilər, çünki bədən müəyyən ehtiyat toplaya bilir.
B12 çatışmazlığının ən çox rast gəlinən əlamətləri bunlardır:
davamlı yorğunluq və halsızlıq; əl və ayaqlarda keyimə və ya qarışqa gəzməsi hissi; yaddaşın zəifləməsi və diqqətin dağılması; tarazlığın pozulması; nəfəs darlığı və əzələ zəifliyi.
Risk qrupuna yaşlı insanlar, vegetarian və veqanlar, həmçinin mədə-bağırsaq xəstəlikləri olan şəxslər daxildir. Bəzi şəkərli diabet və mədə turşusunu azaldan dərmanlar da B12 vitamininin mənimsənilməsini çətinləşdirə bilər.
Mütəxəssislər qeyd edirlər ki, sadalanan əlamətlər uzun müddət davam edərsə, onları yaşlanmanın təbii nəticəsi hesab etmək əvəzinə həkimə müraciət etmək və qan analizi vermək vacibdir. B12 çatışmazlığı vaxtında aşkar edildikdə, qidalanmanın dəyişdirilməsi və ya həkim təyinatı ilə əlavələr vasitəsilə müalicə oluna bilər.
Jalə Demokrat.az


