Uzun illərdir yayılmış “itlər dünyanı qara-ağ görür” inancının elmi olaraq doğru olmadığı bildirilir.
Demokrat.az xəbər verir ki, araşdırmalara görə itlər tamamilə rəngsiz bir görmə qabiliyyətinə sahib deyil, lakin insanların gördüyü qədər geniş rəng çalarını da ayırd edə bilmirlər.
Elmi məlumatlar göstərir ki, itlər xüsusilə mavi və sarı tonlarını daha yaxşı ayırd edə bilirlər. Bunun əksinə olaraq qırmızı, yaşıl və narıncı kimi rənglər onların gözündə daha solğun və boz tonlara yaxın görünür.
İnsan gözündə üç fərqli konus hüceyrəsi olduğu halda, itlərdə bu sayın ikiyə bərabər olduğu qeyd edilir. Buna görə də itlərin rəng qavrayışı insanlardakı qırmızı-yaşıl rəng korluğuna bənzər hesab olunur.
Mütəxəssislər bildirirlər ki, bu vəziyyət itlərin görmə qabiliyyətinin zəif olduğu anlamına gəlmir. Əksinə, itlər hərəkəti hiss etmə və zəif işıqda görmə baxımından insanlardan daha üstün hesab olunur.
Alimlərin fikrincə, itlərin məhdud rəng görməsi onların ətrafı dərk etməsinə mane olmur, sadəcə rəngləri fərqli bir spektrdə qavramalarına səbəb olur.
Leyla Demokrat.az


