Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı "Arzum" ləqəbli influenser İlduzə Hacıyevaya verilən hökm müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə və media məkanında məsələ ətrafında fərqli mövqelər formalaşıb. Bir qrup hökmü ədalətli hesab edərək məhkəmənin qərarını hüquqi baxımdan əsaslandırılmış sayır, digər qrup isə İlduzə Hacıyevanın təqsirsiz olduğunu və iş üzrə bütün halların yetərincə araşdırılmadığını iddia edir. İctimai rəydə yaranan bu ikili yanaşma fonunda əsas sual diqqət mərkəzinə çıxır. Hüquqi baxımdan bu işə necə qiymət verilməlidir, məhkəmə qərarı mövcud qanunvericiliyin tələblərinə nə dərəcədə uyğundur və ittihamın sübut bazası hansı hüquqi meyarlara əsaslanır?
Mövzu ilə bağlı hüquqşünas Rəhim Xoyski Demokrat.az-a bildirib ki, Azərbaycan qanunvericiliyi yol-nəqliyyat hadisələri nəticəsində yaranan nəticələrin ağırlığına görə diferensiallaşdırılmış cəza sistemi müəyyən edib:
“Cinayət Məcəlləsinin 263-cü maddəsi bunu üç dərəcəyə bölür. Zərərçəkənin sağlamlığına az ağır və ya ağır zərər dəydikdə (263.1-ci maddə) üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç ilədək azadlıqdan məhrumetmə, ehtiyatsızlıqdan bir nəfərin ölümünə səbəb olduqda (263.2-ci maddə) 2 ildən 6 ilədək azadlıqdan məhrumetmə, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda (263.3-cü maddə) 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Hər üç halda əlavə cəza kimi sürücülük hüququndan müəyyən müddətə (adətən 3 ilədək, 263.3-də isə 5 ilədək) məhrumetmə də tətbiq olunur. Bunlardan ayrıca, sürücü qəzadan sonra hadisə yerini tərk edərsə, bu, Cinayət Məcəlləsinin 264-cü maddəsi üzrə müstəqil cinayət tərkibi yaradır və əlavə olaraq 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Yəni ölümlə nəticələnən qəzadan sonra hadisə yerini tərk edən sürücü faktiki olaraq iki ayrı maddə üzrə 263.2-ci və 264-cü maddələr üzrə məsuliyyətə cəlb olunur, bu isə son cəzanın yuxarı həddə yaxınlaşmasına səbəb olur. Bu iki maddə üzrə yekun cəza Cinayət Məcəlləsinin 66-cı maddəsi (cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi) qaydasında hesablanır”.
O qeyd edib ki, cəza təyin edilərkən məhkəmə Cinayət Məcəlləsinin 58-67-ci maddələrinin tələblərinə əsasən qiymətləndirir:
“Yüngülləşdirici hallar (CM-in 59-cu maddəsi) məsələn, himayədə azyaşlı uşağın olması (59.1.4-cü maddə), zərərçəkənə könüllü yardım göstərilməsi, dəymiş zərərin ödənilməsi, zərərçəkənlə barışıq, ilk dəfə cinayət törətmə və s. ağırlaşdırıcı hallar (CM-in 61-ci maddəsi) qanunda qapalı siyahı şəklində müəyyən edilib (residiv, ağır nəticələr və s.). Vacib nüans odur ki, əgər nəticə (məsələn, ölüm) artıq maddənin özündə tərkib əlaməti kimi nəzərdə tutulubsa, bu, CM-in 61.3-cü maddəsinə əsasən cəza təyin edilərkən təkrarən ağırlaşdırıcı hal kimi hesablana bilməz. Sürücünün əməldən sonrakı davranışı hadisə yerində qalıb-qalmaması, zərərçəkənə yardım göstərib-göstərməməsi, istintaqdan yayınıb-yayınmamasıdır. Bu, formal ağırlaşdırıcı hal siyahısına daxil olmasa da, məhkəmənin CM-in 58.3-cü maddəsi çərçivəsində təqsirkarın şəxsiyyətini xarakterizə edən amil kimi qiymətləndirdiyi məsələdir. Ekspertizanın müəyyən etdiyi texniki-səbəbiyyət əlaqəsi, yəni sürücünün konkret hansı qaydanı pozduğu və bu pozuntuya əməl etsəydi, qəzanın qarşısını almaq imkanının olub-olmamasıdır”.
Hüquqşünasın sözlərinə görə, "Arzum" işinə gəlincə, bu çərçivədən baxanda, İ. Hacıyeva barəsində çıxarılan 5 il 2 aylıq hökm qanunun tələblərinə uyğundur:
“İş üzrə təyin edilmiş avtotexniki ekspertizanın rəyi ilə Hacıyevanın "Yol hərəkəti haqqında" Qanunun 42.1-ci maddəsinin (manevrə başlamazdan əvvəl siqnal vermə və manevrin təhlükəsiz olmasını təmin etmə öhdəliyi) tələblərinə əməl etmədiyi və bu tələbə əməl edilsəydi qəzanın texniki baxımdan qarşısının alına biləcəyi müəyyən edilib. Bu, 263.2-ci maddənin tərkibi üçün zəruri olan üç elementi (qayda pozuntusu, səbəbiyyət əlaqəsi, qarşısını almaq imkanı) əhatə edir. Təyin olunmuş 5 il 2 ay 263.2-ci maddənin öz maksimum həddindən (6 il) aşağıdır, üstəlik dövlət ittihamçısının tələb etdiyi 5 il 9 aydan da azdır, yəni məhkəmə həm 263.2, həm də 264-cü maddə üzrə məsuliyyəti nəzərə alaraq, eyni zamanda CM-in 59.1.4-cü maddəsində göstərilən yüngülləşdirici halı (himayədə azyaşlı uşaqların olması) da hesaba qatmaqla, sanksiya hədləri daxilində balanslaşdırılmış cəza təyin edib. Hadisə yerindən qaçma və zərərçəkənlərlə barışığın olmaması isə formal ağırlaşdırıcı hal siyahısına daxil olmasa da, təqsirkarın əməldən sonrakı davranışını xarakterizə edən amil kimi məhkəmənin diqqətinə düşüb. Bu yanaşma Ali Məhkəmə Plenumunun müvafiq qərarında da öz əksini tapıb. Beləliklə, hər iki səviyyədə həm ümumi qanunvericilik çərçivəsi, həm də konkret işin faktları baxımından bu hökm qanunun nəzərdə tutduğu hədlərdən kənara çıxmır”.


