Rəqəmsal mühitin gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyi dövrdə uşaqların internet məkanında təhlükəsizliyinin təmin olunması getdikcə daha aktual məsələyə çevrilir. Xüsusilə sosial şəbəkələrdə zərərli məzmunun yayılması, kiberzorakılıq halları, şəxsi məlumatların icazəsiz toplanması və psixoloji təsir mexanizmlərinin artması bu sahədə hüquqi müdafiə tədbirlərinin gücləndirilməsini zəruri edir. Məhz bu kontekstdə, Milli Məclisdə uşaqların sosial şəbəkələrdə müdafiəsinin gücləndirilməsini nəzərdə tutan qanunvericilik dəyişikliklərinin üçüncü oxunuşda qəbul edilməsi mühüm addım kimi dəyərləndirilir.
Hüquqşünas Şamil Paşayev məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında bildirib ki, uşaqların sosial şəbəkələrdən istifadəsi və sosial medianın zərərli materiallarının azyaşlılara təsirinin minimuma endirilməsi ilə bağlı son illərdə dünyanın müxtəlif ölkələrində həm ictimai təşəbbüslər, həm də qanunvericilik tədbirləri həyata keçirilir:
“Azərbaycan qanunvericiliyində də uşaqların zərərli təbliğat və mənfi təsir yarada biləcək materiallardan uzaq tutulması məqsədilə müəyyən dəyişikliklərin edilməsi həm mümkün, həm də gözləniləndir. Güman etmək olar ki, əgər Meta və ya digər iri sosial şəbəkə şirkətləri Azərbaycanda rəsmi nümayəndəlik açarsa, bu halda Azərbaycan məhkəmələrinin qərarları həmin platformalar üçün də hüquqi baxımdan daha təsirli və icraolunan ola bilər”.
O deyib ki, bu proses çərçivəsində saxtakarlıq, məxfilik, şəxsi məlumatların qorunması və digər hüquqi məsələlərlə bağlı məhkəmə qərarlarında yeni presedentlərin formalaşması mümkündür:
“Dünyanın bir çox ölkəsində uşaqların zərərli kontentdən qorunması artıq hüquqi və sosial prioritetə çevrilib. Azərbaycanda da bu məsələ hüquqi zərurətdən irəli gələrək aktuallaşır. Məhz bu səbəbdən, uşaqların zərərli kontentdən qorunmasını təmin etmək məqsədilə sosial şəbəkələrdən istifadə qaydalarının daha dəqiq tənzimlənməsi üçün qanunvericiliyə dəyişikliklərin edilməsi gündəmdədir”.
Beləliklə, Milli Məclisin qəbul etdiyi yeni qanun layihəsi uşaqları internetin virtual təhlükələrindən və zərərli vərdişlərdən qorumağa hüquqi zəmin yaradır.


