Milli Məclisdə sosial şəbəkələrdə uşaqların müdafiəsinin gücləndirilməsini nəzərdə tutan qanunvericilik dəyişikliklərinin üçüncü oxunuşda qəbul edilməsi rəqəmsal təhlükəsizlik və uşaq hüquqlarının qorunması ilə bağlı yeni hüquqi mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Son illərdə uşaqların sosial media platformalarında zərərli məzmun, kiberzorakılıq, şəxsi məlumatların qanunsuz toplanması və psixoloji manipulyasiya kimi risklərlə daha çox üzləşməsi bu sahədə hüquqi tənzimləmənin zəruriliyini artırıb.
Valideynlərin və qanuni nümayəndələrin bu prosesdə hüquq və öhdəlikləri necə müəyyənləşir?
Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, bu qanun layihəsi, ümumilikdə, uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması baxımından olduqca vacib və təqdirəlayiq təşəbbüsdür:
“Layihənin əsas məqsədi azyaşlıların sosial şəbəkələrdə zərərli məzmunun təsirindən qorunması, onların internetdən daha təhlükəsiz şəkildə istifadə etməsinə şərait yaratmaqdır. Bu baxımdan, qanun layihəsinin niyyəti müsbətdir və cəmiyyət üçün əhəmiyyətli addım hesab oluna bilər. Lakin praktik tətbiq mexanizmləri ilə bağlı müəyyən suallar da qalır. Mənim üçün hələ də tam aydın olmayan əsas məqam bu tələblərin necə icra ediləcəyidir. Dünyada çox sayda sosial şəbəkə platforması fəaliyyət göstərir. Əgər bu tələblərə əməl etməyən platformalar olarsa, onları Azərbaycanda bloklamaq variantı gündəmə gələcəkmi? Hətta belə bir addım atılsa belə, VPN kimi vasitələrlə bu məhdudiyyətləri aşmaq mümkündür. Digər mühüm məsələ yaşın müəyyən olunması ilə bağlıdır. Tutaq ki, 16 və ya 18 yaşı tamam olmayan uşaq sosial şəbəkədə qeydiyyatdan keçmək istəyir. Platforma onun real yaşını necə müəyyən edəcək? Valideyn razılığı tələb olunduğu bildirilir, bu başadüşüləndir. Ancaq əgər azyaşlı qeydiyyat zamanı özünü daha böyük yaşda göstərərsə, buna necə nəzarət ediləcək? Məhz bu sualın cavabı mənə aydın deyil”.
O deyib ki, bu məsələdə təkcə Azərbaycanda deyil, beynəlxalq təcrübədə də tam işlək və qüsursuz mexanizmlər görünmür:
“Bu gün geniş istifadə olunan bir çox platformalar “WhatsApp”, “Facebook”, “Instagram” və “TikTok” müəyyən yaş tələbləri qoysa da, praktikada istifadəçi qeydiyyat zamanı fərqli yaş məlumatı daxil edə bilir. Belə olan halda, həmin şəxsin həqiqi yaşını platformanın müəyyən etməsi asan məsələ deyil. Ona görə də, hazırkı mərhələdə bu qanun layihəsini daha çox yaxşı niyyətə və müsbət məqsədlərə əsaslanan təşəbbüs kimi qiymətləndirirəm. Layihənin ideyası olduqca faydalıdır, lakin onun real və effektiv icrası üçün daha aydın, işlək və texnoloji baxımdan mümkün mexanizmlərə ehtiyac var. Hazırda mən bu sənədə daha çox xoş niyyətli təşəbbüs kimi baxıram. Onun tam funksional qanuna çevrilməsi isə tətbiq mexanizmlərinin nə dərəcədə uğurlu olacağından asılı olacaq”.


