Maraqlı Özəl

5 fincan qəhvə qaraciyərə necə təsir edir?

5 fincan qəhvə qaraciyərə necə təsir edir?

Qəhvə sevənlər üçün daha bir müsbət xəbər yayılıb. 355 min böyüklərin iştirakı ilə aparılan yeni araşdırma göstərib ki, bu içkinin müntəzəm istehlakı qaraciyərin ciddi və həyati təhlükə yaradan xəstəlikləri, o cümlədən sirroz və xərçəng riskinin azalması ilə əlaqəlidir.

Demokrat.az xəbər verir ki, bu barədə “The Independent” yazır.

Los-Ancelesdə yerləşən “Cedars-Sinai Health Sciences University”in tədqiqatçıları bu nəticəyə gəliblər.

Alimlərin məlumatına görə, gündə beş və daha çox fincan qəhvə içən insanlarda qaraciyər sirrozu riski təxminən üçdə bir azalır. Bundan əlavə, qaraciyər xərçənginə tutulma ehtimalı demək olar ki, iki dəfə aşağı olur, qaraciyər xəstəliklərindən ölüm riski isə 42 faiz azalır.

Eyni zamanda, müsbət təsir gündə cəmi bir-iki fincan qəhvə içənlərdə də müşahidə olunub. Ən güclü əlaqə isə gündə təxminən üç-dörd fincan istehlak edənlərdə qeydə alınıb.

Qan analizləri göstərib ki, qəhvə sevənlərdə qaraciyərin sağlam fəaliyyəti ilə əlaqəli zülalların səviyyəsi daha yüksək, toxuma çapıqlanması və iltihabı göstərən markerlər isə daha aşağıdır. Onlarda həmçinin qaraciyərdə daha az yağ və aşağı dəmir göstəriciləri müəyyən edilib.

“Cedars-Sinai Health Sciences University”in qaraciyər xərçəngi proqramının tibbi direktoru Cü Don Yan bildirib ki, nəticələr qəhvəni sevən və onu yaxşı qəbul edən insanlar üçün orta istehlakın faydalı ola biləcəyini göstərir.

Faydası hətta kofeinsiz qəhvədə də

Tədqiqat üçün alimlər “UK Biobank” adlı genişmiqyaslı tibbi məlumat bazasından istifadə ediblər. Bu bazada təxminən yarım milyon Böyük Britaniya sakininin sağlamlıq göstəriciləri yer alır. Tədqiqatçılar 13 il ərzində iştirakçıların qaraciyər MRT nəticələrini və qanda müxtəlif zülal səviyyələrini analiz ediblər.

Maraqlıdır ki, oxşar müsbət əlaqə həm kofeinli, həm də kofeinsiz qəhvə üçün müşahidə olunub. Bu isə qoruyucu təsirin yalnız kofeindən deyil, qəhvə dənələrində olan digər təbii birləşmələrdən də qaynaqlana biləcəyini göstərir.

“Cedars-Sinai Health Sciences University”in qastroenterologiya və hepatologiya şöbəsinin direktoru Şelli Lu bildirib ki, növbəti mərhələdə qəhvədə qaraciyəri qoruyan konkret maddələrin müəyyənləşdirilməsi planlaşdırılır.

Onun sözlərinə görə, nəticələr iltihab və toxuma çapıqlanması ilə bağlı bioloji mexanizmlərə işıq salır və bu sahədə yeni elmi tədqiqatlar üçün perspektiv yaradır.

Hər şeyin həddi var

Alimlər vurğulayırlar ki, əldə edilən nəticələr qəhvənin birbaşa olaraq qaraciyər xəstəliklərinin qarşısını aldığını sübut etmir. Araşdırma müşahidə xarakterlidir və yalnız statistik əlaqəni göstərir.

Bundan əlavə, kofein hər kəs üçün uyğun deyil. O, bəzi ürək-damar xəstəliklərini ağırlaşdıra, arterial təzyiqi yüksəldə, narahatlığı artıra və yuxu pozğunluqlarına səbəb ola bilər.

Bu səbəbdən tədqiqat müəllifləri qəhvə istehlakını xüsusi olaraq gündə beş fincana artırmağı və ya yalnız qaraciyəri qorumaq məqsədilə qəhvə içməyi tövsiyə etmirlər.

“Cedars-Sinai Health Sciences University”in həkimi Cü Don Yan qeyd edib ki, qaraciyər xəstəliklərinin profilaktikasında əsas amillər sağlam bədən çəkisinin qorunması, alkoqolun məhdudlaşdırılması, müntəzəm fiziki aktivlik, eləcə də qan şəkəri, təzyiq və xolesterinin nəzarətdə saxlanılmasıdır.

“American Cancer Society”nin məlumatına görə, bu il ABŞ-da qaraciyər xərçənginin 42 mindən çox yeni halı və təxminən 31 min ölüm hadisəsi gözlənilir. Son 40 ildə bu xəstəliyin yayılma səviyyəsi üç dəfə artıb.

Jalə Demokrat.az

D
demokrat.az