Müasir avtomobillərin əksəriyyətində maksimal sürət mühərrikin imkanları ilə deyil, elektron məhdudlaşdırıcı sistem vasitəsilə tənzimlənir. Bu sistem əvvəlcədən müəyyən edilmiş həddə çatdıqdan sonra mühərrikin gücünü azaldaraq avtomobilin daha da sürətlənməsinin qarşısını alır.
Demokrat.az xəbər verir ki, "SlashGear" nəşrinin yazdığına görə, müasir avtomobillərdə sürət məhdudlaşdırıcısı mühərrikin elektron idarəetmə bloku (ECU) ilə inteqrasiya olunub. Sensorlar avtomobilin sürətini davamlı izləyir və müəyyən edilmiş həddə çatdıqda elektron sistem mühərrikin gücünü tədricən azaldır. Bu, silindrlərə ötürülən hava və yanacaq miqdarının məhdudlaşdırılması və ya elektron qaz pedalının işinin tənzimlənməsi yolu ilə həyata keçirilir.
Nəticədə sürücü sistemin işə düşdüyünü demək olar ki, hiss etmir. Avtomobil sadəcə daha yüksək sürət yığmır və sürət tədricən müəyyən edilmiş həddə sabitləşir.
Bütün məhdudlaşdırıcılar eyni prinsiplə işləmir
Bir çox avtomobildə sükan üzərində yerləşən "LIM" düyməsi vasitəsilə sürücü sürət həddini özü təyin edə bilir. Belə sistemlərdə qaz pedalına tam basıldıqda müəyyən hallarda təyin edilmiş həddi qısa müddətə aşmaq mümkündür. Bu funksiya əsasən təcili manevrlər üçün nəzərdə tutulub.
Bununla yanaşı, istehsalçı tərəfindən quraşdırılan maksimal sürət məhdudlaşdırıcıları da mövcuddur. Onlar hərəkət zamanı deaktiv edilə bilmir və mühərriki, eləcə də təkərləri həddindən artıq yüklənmədən qorumaq məqsədi daşıyır.
Nəşr nümunə kimi 500 at gücünə malik 2024-cü il istehsalı "Ford Mustang Dark Horse" modelini göstərir. Avtomobil yüksək gücə malik olsa da, onun maksimal sürəti elektron şəkildə saatda 168 mil (təxminən 270 km/saat) ilə məhdudlaşdırılıb.
Bu sistemlər elektromobillərdə də istifadə olunur
Elektron sürət məhdudlaşdırıcıları yalnız daxiliyanma mühərrikli avtomobillərdə deyil, elektromobillərdə də tətbiq olunur. Çünki yüksək sürət və intensiv sürətlənmə batareyanın enerji sərfiyyatını əhəmiyyətli dərəcədə artırır. Buna görə də sürətin məhdudlaşdırılması həm təhlükəsizliyi artırır, həm də avtomobilin yürüş ehtiyatının qorunmasına kömək edir.
Məqalədə qeyd olunur ki, texniki baxımdan zavod tərəfindən quraşdırılmış məhdudlaşdırıcını aradan qaldırmaq mümkündür. Bunun üçün adətən mühərrikin idarəetmə blokunun proqram təminatı dəyişdirilir və ya xüsusi modullar quraşdırılır. Bəzi köhnə avtomobillərdə isə bu sistemi mexaniki üsullarla da keçmək mümkündür.
Lakin mütəxəssislər belə dəyişiklikləri tövsiyə etmirlər. Çünki maksimal sürətin artırılması təkcə yol-nəqliyyat hadisələrinin riskini yüksəltmir, həm də mühərrik, transmissiya və digər vacib komponentlərdə nasazlıq ehtimalını artırır.
Məqalədə xatırladılır ki, daha əvvəl "BMW", "Mercedes-Benz" və "Audi" şirkətləri avtomobillərinin maksimal sürətini saatda 250 kilometrlə məhdudlaşdırmaq barədə qeyri-rəsmi razılığa gəliblər. Məqsəd yüksək sürətlə əlaqəli qəza riskini azaltmaqdır.
Bununla belə, "Chevrolet Corvette" və "Bugatti Tourbillon" kimi bəzi modellər saatda 300–400 kilometrdən artıq sürət yığa bilir. Lakin bu avtomobillər məhdud sayda istehsal olunur və çox yüksək qiymətə satılır.
Jalə Demokrat.az


