Sosial Özəl

Torpaq alarkən bu səhvləri etməyin — Açıqlama

Torpaq alarkən bu səhvləri etməyin — Açıqlama

Bakı və ətraf ərazilərdə torpaq qiymətlərinin son illər artması fərdi ev tikmək istəyən ailələr üçün seçim imkanlarını xeyli məhdudlaşdırıb. Xüsusilə gənc ailələr həm münasib qiymət, həm də sənədləri tam qaydasında olan, kommunal infrastruktura çıxışı olan torpaq sahələri axtarışındadır. Ekspertlərin sözlərinə görə, paytaxt ətrafında bəzi ərazilər hələ də nisbətən əlçatan qiymətləri ilə seçilsə də, düzgün seçim üçün hüquqi status, yol infrastrukturu və kommunikasiya xətlərinin mövcudluğu əsas meyarlardandır.

Məsələ ilə bağlı Vüqar Oruc Demokrat.az-a deyib ki, torpaq sahələri, əvvəlki dövrlə müqayisədə 2-2,5 dəfə bahalaşıb:

Torpaq alarkən bu səhvləri etməyin — Açıqlama

“Əvvəllər ev almaq və ya tikmək istəyən vətəndaş, xüsusilə gənc ailələr düşünürdü ki, bir neçə sot torpaq sahəsini 10-15 min manata əldə edə bilər. Lakin hazırda həmin qiymətlər xeyli artaraq 200-250 faiz bahalaşıb. Bu da ev tikmək istəyən yeni və gənc ailələr üçün çətinliklər yaradıb.

Bununla belə, elə ərazilər var ki, ümumi qiymət artımı tendensiyasına baxmayaraq, müəyyən qədər əlçatanlığını qoruyub saxlayır. Bu ərazilər sırasında Qobu, Hökməli, Saray, Məhəmmədi və Mehdiabadı göstərmək olar. Eyni zamanda Mərdəkan qəsəbəsinin nisbətən az tələbat olan və daha münasib qiymətli hissələri də diqqət çəkir. Masazır qəsəbəsində bəzi yeni yaşayış massivləri, həmçinin Pirşağı və Novxanı ərazilərinin magistral yoldan uzaq, daxili hissələrində yerləşən və infrastrukturu tam inkişaf etməmiş sahələr də gənc ailələr üçün alternativ hesab oluna bilər. Binə qəsəbəsi də münasib qiymətli torpaq sahələri baxımından nəzərdən keçirilə biləcək ərazilərdəndir”.

O qeyd edib ki, torpaq sahəsi alarkən ilk növbədə həmin sahənin çıxarışının olub-olmamasına diqqət yetirilməlidir:

“Daha sonra çıxarışda torpaq sahəsinin təyinatının yaşayış üçün nəzərdə tutulub-tutulmadığı yoxlanmalıdır. Bundan əlavə, situasiya planında torpaq sərhədlərinin qonşularla dəqiq müəyyən olunması, elektron sistemdə çıxarışın təsdiqlənməsi və ərazinin zəbt olunmuş sahəyə düşməməsi də vacib amillərdir. Tez-tez rast gəlinən hallardan biri də satıcıların “Sənəddə 3 sotdur, amma faktiki 5 sotdur, buna görə baha satıram” kimi ifadələr işlətməsidir. Bu məsələdə birmənalı şəkildə sənəddə göstərilən sahəyə üstünlük verilməlidir. Çünki sənəddən kənarda göstərilən əlavə sahə hüquqi baxımdan həmin şəxsin mülkiyyəti sayılmır.

Eyni zamanda nəzərə almaq lazımdır ki, əmlak reyestrinin formalaşdırılması istiqamətində ciddi addımlar atılır. Bu prosesin nəticəsində bəzi torpaq sahələri ilə bağlı müəyyən edilə bilər ki, vətəndaş həmin ərazini almaq üçün müəyyən məbləğ ödəsə də, torpaq hüquqi baxımdan ona məxsus deyil. Belə hallar ərazinin zəbt olunmuş torpaq olması və ya qonşu sahəyə daxil olması ilə bağlı ola bilər. Bu kimi problemlərlə qarşılaşmamaq üçün alqı-satqı prosesində yalnız sənədlərlə təsdiqlənən əraziyə əsaslanmaq və bütün əməliyyatları hüquqi qaydada həyata keçirmək vacibdir”.

Leyla Turan

D
demokrat.az