Bu gündən Azərbaycanda bəzi közərmə lampalarının satışı qadağan edilir. "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Qanunun müvafiq tələbinə görə, bugündən 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampalarının istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən elektrik közərmə lampalarının idxalı, istehsalı və satışı qadağandır. Xatırladaq ki, yanvarın 1-dən isə 60 Vt və yuxarı gücə malik olan közərmə lampaları qadağan olunub.
Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Demokrat.az-a açıqlamasında bildirib ki, bu qadağanın tətbiq ediləcəyi əvvəlcədən məlum idi:
“Buna görə də biznes subyektləri müəyyən hazırlıq işləri görüb. Ehtimal olunur ki, bazarın tələbatını qarşılamaq üçün kifayət qədər yeni nəsil lampalar ölkəyə idxal edilib. Lakin bu qərarın qiymətlərə müəyyən təsiri qaçılmaz görünür. Çünki əvvəllər satışda olan digər lampalar bazarda rəqabət mühiti yaradır, alıcılar üçün alternativ seçim imkanları formalaşdırırdı. İndi isə yalnız yeni növ lampaların satışına icazə verilməsi bazardakı rəqabətli mühitə müəyyən dərəcədə təsir göstərə bilər. Xüsusilə ilkin mərhələdə bu təsirin daha qabarıq hiss olunacağı gözlənilir. Nəticə etibarilə, bazarda qiymət artımının baş verməsi ehtimalı yüksəkdir”.
Beləliklə, bu addım uzunmüddətli perspektivdə enerji səmərəliliyinin artırılmasına xidmət etsə də, keçid dövründə yeni nəsil lampalara tələbatın artması fonunda qiymətlərdə müəyyən bahalaşma müşahidə oluna bilər.


