İşçilərin çalışdıqları şirkətdə pay sahibi olması onlara nə verəcək?
Azərbaycanın əmək qanunvericiliyində nəzərdə tutulan yeni dəyişikliklər ölkənin biznes mühiti üçün kifayət qədər əhəmiyyətli bir yenilik vəd edir. Söhbət işçilərin şirkətdə pay və ya səhm sahibi olmasına imkan yaradan yeni müqavilə mexanizmindən gedir. İlk baxışda bu, sadəcə hüquqi dəyişiklik kimi görünə bilər. Əslində isə bu yanaşma şirkətlərin idarəetmə mədəniyyətinə, işçi motivasiyasına və uzunmüddətli inkişaf strategiyasına təsir göstərə biləcək yeni mərhələnin başlanğıcıdır. Müasir biznesdə artıq yalnız yüksək əməkhaqqı uğurlu komanda qurmaq üçün kifayət etmir. Ən güclü şirkətlər işçilərinə təkcə maaş deyil, həm də biznesin gələcəyində pay təklif edirlər. Bunun əsas məqsədi işçini sadəcə əmək müqaviləsi ilə çalışan şəxs deyil, şirkətin uğurunda maraqlı olan tərəfdaş kimi formalaşdırmaqdır.
Yeni qanun layihəsinə əsasən, işçilərlə "Pay (səhm) iştirakı planı haqqında müqavilə" bağlanacaq. Bu müqavilə əsasında işçilər ya güzəştli şərtlərlə, ya da ödənişsiz şəkildə şirkətin paylarını əldə edə və ya gələcəkdə həmin paylara sahib olmaq hüququ qazana biləcəklər.
Əslində bu yanaşma yeni deyil. Dünyada bu model uzun illərdir tətbiq olunur. ABŞ, Böyük Britaniya, Almaniya, Kanada, Estoniya və bir çox inkişaf etmiş ölkələrdə Employee Stock Ownership Plan (ESOP) və müxtəlif səhm opsion proqramları onilliklərdir tətbiq olunur. Xüsusilə texnologiya sektorunda bu sistem demək olar ki, standart hesab edilir. Dünyanın ən böyük şirkətlərindən olan Google, Microsoft, Amazon, Apple, Nvidia və Meta əməkdaşlarının böyük hissəsini məhz səhm proqramları vasitəsilə uzun müddət şirkətdə saxlaya biliblər. Startap ekosistemində isə vəziyyət daha maraqlıdır. Bir çox gənc şirkətin yüksək maaş ödəmək imkanı olmadığından, onlar əməkdaşlarına gələcəkdə şirkətin böyüməsindən qazanc əldə etmək imkanı təqdim edirlər. Nəticədə işçilər şirkətin inkişafına adi əməkdaşdan daha çox ortaq kimi yanaşırlar. Bəs, bu sistem effektiv hesab olunur? Araşdırmalar göstərir ki, şirkətdə pay sahibi olan işçilər daha yüksək məhsuldarlıq nümayiş etdirir, şirkətdə daha uzun müddət işləyir, innovativ təşəbbüslərdə daha fəal olurlar. Həmçinin resurslara daha məsuliyyətlə yanaşır, şirkətin maliyyə nəticələrini öz şəxsi maraqları ilə əlaqələndirirlər.
Başqa sözlə, işçi artıq yalnız aylıq maaşını deyil, şirkətin ümumi uğurunu da düşünməyə başlayır.
Azərbaycan iqtisadiyyatında xüsusilə İT, innovasiya, istehsal və sürətlə inkişaf edən özəl şirkətlər üçün bu mexanizm böyük imkanlar yarada bilər.
Bu gün bir çox şirkət peşəkar kadr çatışmazlığından əziyyət çəkir. Yüksək ixtisaslı mütəxəssislərin saxlanılması isə getdikcə daha bahalı prosesə çevrilir. Pay iştirakı proqramları şirkətlərə bir sıra üstünlüklər verə bilər. Bunlar yüksək maaş təzyiqini müəyyən qədər azaltmaq, dəyərli əməkdaşları uzunmüddətli saxlamaq, rəhbərlik və işçilər arasında maraq birliyi yaratmaq, korporativ mədəniyyəti gücləndirmək, şirkətin bazar dəyərinin artmasına bütün komandanı maraqlı etməkdir.
Qanun layihəsində diqqət çəkən əsas məqamlardan biri də payların dərhal deyil, müəyyən şərtlər yerinə yetirildikdən sonra tam mülkiyyətə keçməsidir.
Bu yanaşma beynəlxalq praktikada "vesting" sistemi kimi tanınır. Məsələn, işçi şirkətdə dörd il işlədikdən sonra səhmlərin tam sahibi ola bilər. Yaxud satış hədəfləri, gəlirlilik və ya digər strateji göstəricilər yerinə yetirildikcə səhmlər mərhələli şəkildə işçinin mülkiyyətinə keçir. Bu mexanizm həm işçini motivasiya edir, həm də şirkəti risklərdən qoruyur. Qanun layihəsində əmək münasibətlərinə xitam verilməsi hallarında səhmlərin taleyinin əvvəlcədən müqavilə ilə müəyyən olunması da müasir korporativ idarəetmə prinsiplərinə uyğundur. Məsələn, işçi könüllü şəkildə ayrıldıqda, şirkətdə ixtisar aparıldıqda, şirkət ləğv edildikdə, əmək intizamı kobud şəkildə pozulduqda fərqli hüquqi nəticələrin tətbiqi tərəflər arasında gələcək mübahisələrin qarşısını ala bilər. Bu yanaşma dünyanın aparıcı korporasiyalarında uzun illərdir tətbiq edilir. Lakin qanunun qəbul edilməsi təkbaşına kifayət etməyəcək. Bunun üçün şirkətlər də hazır olmalıdır. Şirkətlər korporativ idarəetmənin gücləndirilməsi, şirkət dəyərinin düzgün qiymətləndirilməsi, pay bölgüsü strategiyasının hazırlanması, şəffaf hesabatlılıq sisteminin qurulması, işçilərin maliyyə savadlılığının artırılması istiqamətləri üzrə hazırlıq görməlidirlər. Əks halda, səhm proqramları motivasiya aləti olmaq əvəzinə anlaşılmazlıqlara səbəb ola bilər.
Ümumilikdə, pay (səhm) iştirakı mexanizmi Azərbaycan biznesi üçün sadəcə hüquqi yenilik deyil. Bu dəyişiklik şirkətlərin insan kapitalına yanaşmasını dəyişə, işçi ilə işəgötürən arasında daha güclü tərəfdaşlıq münasibətləri formalaşdıra və korporativ idarəetmədə yeni standartların yaranmasına təkan verə bilər. Dünyanın inkişaf etmiş iqtisadiyyatlarında özünü doğrultmuş bu model düzgün tətbiq edilərsə, Azərbaycan şirkətləri üçün də rəqabət üstünlüyü yarada, istedadlı mütəxəssislərin ölkədə saxlanılmasına və innovativ bizneslərin inkişafına mühüm töhfə verə bilər. Çünki gələcəyin uğurlu şirkətləri yalnız işçi işlədən deyil, uğuru əməkdaşları ilə bölüşən şirkətlər olacaq.
Çinarə Ağayeva Biznes məsləhətçi


