Maraqlı Özəl

Poverbankların gizli təhlükəsi — Mütəxəssislər xəbərdarlıq edirlər

Poverbankların gizli təhlükəsi — Mütəxəssislər xəbərdarlıq edirlər

Smartfon, planşet və noutbuklardan gündəlik istifadə ilə yanaşı, poverbanklar (xarici batareyalar) da həyatın ayrılmaz hissəsinə çevrilib.

Demokrat.az xəbər verir ki, BGR nəşrinin yazdığına görə, bu qurğuların düzgün istifadə edilməməsi həm cihazların istismar müddətinə, həm də təhlükəsizliyə mənfi təsir göstərə bilər.

Mütəxəssislər poverbanklardan tamamilə imtina etməyə çağırmırlar. Onlar yalnız bu cihazların xüsusiyyətlərini və mümkün risklərini nəzərə almağın vacibliyini vurğulayırlar.

Həddindən artıq qızma və yanğın riski

Ən ciddi risk litium-ion batareyalarının alışma ehtimalı ilə bağlıdır. Tanınmış istehsalçıların sertifikatlaşdırılmış poverbanklarda müxtəlif təhlükəsizlik sistemləri mövcud olsa da, bazarda keyfiyyətsiz və ucuz modellər də geniş yayılıb.

Belə cihazlarda aşağı keyfiyyətli komponentlərdən istifadə olunduğu üçün onlar işləyərkən daha çox qızır. Hətta yanğın baş verməsə belə, yüksək temperatur cihazın korpusunun həddindən artıq isinməsinə, istifadəçidə yanıq xəsarətlərinə və qısaqapanma riskinin artmasına səbəb ola bilər.

Rahatlıqla yanaşı enerji itkisi də var

Poverbanklar istifadəçiyə elektrik şəbəkəsindən kənarda cihazlarını enerji ilə təmin etmək imkanı versə də, bunun müəyyən məhdudiyyətləri mövcuddur.

Böyük tutumlu xarici batareyalar adətən ağır və iri ölçülü olur. Bəzi modellərin qalınlığı 2,5 santimetrdən artıq olduğundan onları daim üzərində daşımaq rahat olmaya bilər.

Bundan əlavə, poverbankın tam doldurulması bir neçə saat çəkə bilər.

Enerji ötürülməsi zamanı onun bir hissəsi istilik şəklində itirilir. Buna görə də poverbankın faktiki istifadə oluna bilən tutumu qablaşdırmada göstərilən nominal göstəricidən aşağı olur.

Smartfon batareyasının daha tez köhnəlməsi

Mütəxəssislərin fikrincə, smartfonun uzun müddət müntəzəm olaraq poverbank vasitəsilə enerji ilə təmin edilməsi onun batareyasının istismar müddətini azalda bilər.

Xüsusilə batareyanın enerji səviyyəsini daim 100 faizdə saxlamağa çalışmaq əlavə yüklənmə yaradır, mikrodoldurma dövrlərinin sayını artırır və batareyanın daha sürətlə köhnəlməsinə səbəb olur.

Problem keyfiyyətsiz poverbanklarda daha ciddi ola bilər. Belə qurğular bəzən sabit olmayan gərginlik və cərəyan verir. Lazımi enerji idarəetmə sistemləri olmadıqda bu, təkcə batareyaya deyil, həm də telefonun enerji idarəetmə kontrollerinə zərər verə bilər.

Mütəxəssislər nə tövsiyə edirlər?

Mütəxəssislər təhlükəsizlik baxımından pauerbank seçərkən onun texniki göstəricilərini və istifadəçi rəylərini diqqətlə araşdırmağı tövsiyə edirlər.

İstifadəyə yararsız hala gəlmiş köhnə poverbankları isə mütləq tullamaq lazım deyil. Əgər təhlükəsiz vəziyyətdədirlərsə, onlardan LED fənərlər və ya USB ventilyatorlar kimi az enerji tələb edən qurğular üçün enerji mənbəyi kimi istifadə etmək mümkündür.

Poverbanklardan düzgün istifadə edilməməsinin digər riskləri

SlashGear nəşrinin məlumatına görə, poverbankı gecə boyu elektrik şəbəkəsinə qoşulu vəziyyətdə saxlamaq həm cihazın özü, həm də ev təhlükəsizliyi baxımından əlavə risk yarada bilər.

Araşdırmalara əsasən, litium-ion və litium-polimer batareyaların xüsusiyyətlərinə görə onların uzun müddət fasiləsiz enerji mənbəyinə qoşulu qalması əvvəllər hesab ediləndən daha böyük təhlükə yarada bilər.

BGR həmçinin xəbərdarlıq edir ki, USB habını birbaşa poverbanka qoşaraq eyni vaxtda bir neçə cihazı enerji ilə təmin etmək məqsədəuyğun hesab edilmir.

Belə üsul praktik görünsə də, xarici batareyaya həddindən artıq yük düşməsinə səbəb ola bilər. Bu isə cihazın qızmasına, məhsuldarlığının azalmasına və bəzi hallarda sıradan çıxmasına gətirib çıxarır.

Jalə Demokrat.az

D
demokrat.az