Kriminal Özəl

“Afiyet”in kuryerləri əlbəyaxa oldu — 1000 manat versin, barışım

“Afiyet”in kuryerləri əlbəyaxa oldu — 1000 manat versin, barışım

Bakının Nizami rayonunda restoranda işçilər arasında dava olub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qara Qarayev prospekti 126 ünvanında yerləşən “Afiyet” adlı restoranın qarşısında baş verib.

1993-cü il təvəllüdlü Vahid kuryer kimi işlədiyi “Afiyet” adlı restoranın qarşısında həmin restoranda işləyən Rəvanla mübahisə edib.

Rəvan ona zibil qutularına zibilləri atmaq üçün kömək etməməsini irad bildirməsi ilə əlaqədar aralarında mübahisə baş verib. Bu zaman Rəvan onun ünvanına nalayiq ifadələr işlədib. Buna görə də qisas almaq məqsədi ilə qəsdən başı və əli ilə Rəvanın sifət nahiyəsindən vurub.

Faktla bağlı Vahidin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Vahid bildirib ki, Rəvan ilə “Afiyet” adlı restoranda kuryer işləyiblər:

“Məlum hadisə günü, saat 15 radələrində Rəvan mətbəxdə olan zibilləri götürdü və çöldə olan zibil qutularına atan zaman mənə kömək etməyimi söylədi. Bu zaman əlimdə işim olduğunu və zibilləri gedərək atmasını xahiş etdim. Rəvan zibilləri atdıqdan sonra zibil qutusu daşdığı üçün yerə dağıldı. Bundan sonra Rəvan yenidən nə səbəbdən kömək etmədiyimi və zibillərin yerə dağıldığını bildirdi. Buna görə də aramızda sözlü mübahisə yarandı. Mübahisə zamanı Rəvan söyüş söydüyü üçün əsəbləşdim və yumruqla onu vurdum”.

Təqsirləndirilən şəxs deyib ki, hadisədən sonra aptekə gedərək lazımi tibbi ləvazimatlar alıb və Rəvana ilkin tibbi yardım göstərib:

“Mən əməlimdən peşmanam. Rəvanla barışmağa dəfələrlə cəhd etmişəm. Lakin o, barışmayıb. Zərərçəkmiş şəxs barışıq üçün məndən 1000 manat istəyib. Maddi imkanmı çox pisdir, himayəmdə azyaşlı uşağım var. Ailəmin dolanışığını özüm təmin edirəm. Zərərçəkmiş şəxsə dəymiş ziyana görə borca 200 manat pul düzəldərək verə bilərəm”.

İş üzrə zərərçəkmiş Rəvanın sözlərinə görə, baş vermiş hadisə nəticəsində ona 1000 manata yaxın ziyan dəyib:

“Mənim gündəlik 35-40 manat qazancım olub. Hadisədən sonra 13 gün işə gedə bilməmişəm, müalicə xərclərim və taksi pulları hamısı birlikdə 1000 manata yaxın xərcim çıxıb. Baş vermiş hadisə ilə əlaqədar polisə şikayət etdiyim üçün məni işdən azad ediblər. Buna görə də qazancımdan məhrum olmuşam”.

Nizami Rayon Məhkəməsinin hökmü ilə Vahid 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı evi tərk etməsi, Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun ərazisini tərk etməsi qadağan olunub.

Bundan əlavə, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri tapşırılıb.

Fariz Məlikli

D
demokrat.az