Bakıda "Toyota" markasının yenilənmiş RAV4 modelinin təqdimatı keçirilib.
Demokrat.az xəbər verir ki, Toyota Bakı Mərkəzində təşkil olunan tədbirə kütləvi informasiya vasitələrinin nümayəndələri, avtomobil blogerləri, eləcə də "Toyota" avtomobillərinin sahibləri qatılıblar.
Təqdimat zamanı iştirakçılara modeldə edilmiş yeniliklər barədə məlumat verilib. Qonaqlar avtomobili yaxından nəzərdən keçirmək, salon və texniki xüsusiyyətləri ilə tanış olmaq imkanı əldə ediblər.
Tədbir çərçivəsində qonaqlar üçün əyləncə proqramı da təşkil olunub. İtalyan üslubunda furşet təqdim edilib, "Gaga Band" qrupunun canlı ifaları səsləndirilib. Həmçinin müxtəlif müsabiqələr keçirilib və qaliblərə hədiyyələr təqdim olunub.
Məlumata görə, yeni RAV4 modelində dizayn və texnologiyalar sahəsində bir sıra yeniliklər tətbiq edilib. Avtomobil yeni rəqəmsal idarəetmə elementləri, multimedia sistemi və sürücüyə yardımçı təhlükəsizlik funksiyaları ilə təchiz olunub.
İlk dəfə 1994-cü ildə təqdim olunan model müxtəlif bazarlarda ailə və şəhər tipli avtomobil kimi geniş yayılıb.
Mütəxəssislərin fikrincə, son illərdə SUV və krossover seqmentinə marağın artması fonunda RAV4 modeli Azərbaycan bazarında da alıcıların diqqət mərkəzində qalmaqdadır.



