Yay mövsümünü qarpızsız təsəvvür etmək çətindir. Lakin bazarda və ya mağazada ən yetişmiş və dadlı qarpızı seçmək həmişə asan olmur.
Demokrat.az xəbər verir ki, "Verywell Health" bu barədə mütəxəssislərin əsas tövsiyələrini bir araya gətirib.
Əvvəlcə qarpızın qabığına diqqət yetirin
Yetişmiş qarpızın torpaq üzərində qaldığı hissədə krem-sarı və ya açıq bej rəngli ləkə olur. Bu, "tarla ləkəsi" adlanır.
Ləkə ağ və ya çox solğun sarıdırsa, bu, qarpızın tam yetişmədiyini göstərə bilər. Ləkənin rəngi nə qədər tünddürsə, qarpızın bir o qədər şirin olma ehtimalı yüksəkdir.
Qabığın görünüşünü qiymətləndirin
Qarpızın qabığı möhkəm və hamar olmalıdır. Qeyri-adi ləkələr, zədələr və ya rəngin qeyri-bərabər olması meyvənin bərabər yetişmədiyini göstərə bilər.
Parlaq qabıqlı qarpızlardan uzaq durmaq tövsiyə edilir. Belə qarpızlar çox vaxt vaxtından əvvəl yığılıb. Əksinə, tutqun görünən qarpızlar adətən daha yetişmiş olur.
Zolaqlara diqqət yetirin
Əgər seçdiyiniz qarpız növü zolaqlıdırsa, sadə bir üsuldan istifadə edə bilərsiniz. Şəhadət və orta barmağınızı yanaşı tutaraq onları iki tünd yaşıl zolağın arasına yerləşdirin.
Əgər barmaqlar həmin məsafəyə rahat yerləşirsə, bu, qarpızın yaxşı yetişdiyini göstərə bilər. Zolaqlar arasındakı məsafə nə qədər genişdirsə, qarpızın tam yetişməsi ehtimalı da bir o qədər yüksəkdir.
"Şəkər toru"nu axtarın
Qarpızın qabığında hörümçək toruna bənzər nazik qəhvəyi izlər görünə bilər. Bu izlər bəzən "şəkər ləkələri" adlandırılır. Onlar meyvənin çox şirin və şirəli olmasının əlaməti hesab edilir.
Formasını yoxlayın
Yaxşı qarpız simmetrik və dairəvi formaya malik olmalıdır. Əyri və ya qeyri-bərabər formalı qarpızlar adətən qeyri-bərabər inkişaf etdiyindən onların dadı və teksturası istənilən səviyyədə olmaya bilər.
Səs testi edin
Satıcıların qarpızı döyəcləməsinin səbəbi də budur.
Barmaqlarınızın oynaqları ilə qarpıza yüngül vurun:
* Dərin və boğuq səs çıxırsa, bu, qarpızın şirəli olduğunu göstərir. * Küt və boş səslənirsə, qarpız ya yetişməyib, ya da artıq çox yetişib.
Çəkisinə fikir verin
Eyni ölçüdə olan qarpızlar arasında ən ağırını seçin. Ağır qarpız adətən daha çox su ehtiva edir və daha şirəli olur. Ölçüsünə görə yüngül görünən qarpız isə içəridən qurumuş və ya tam yetişməmiş ola bilər.
Saplağı yoxlayın
Qarpızın saplağı da onun yetişmə dərəcəsi barədə məlumat verir.
* Yaşıl saplaq qarpızın vaxtından əvvəl yığıldığını göstərir. * Qurumuş, qəhvəyi saplaq isə meyvənin tam yetişdikdən sonra yığıldığını göstərən yaxşı əlamətdir.
Zədələnmiş qarpız almayın
Kiçik səthi cızıqlar problem yaratmasa da, iri çatlar, kəsiklər, yumşaq hissələr və ya qabardılmış nahiyələr məhsulun keyfiyyətinə və təhlükəsizliyinə mənfi təsir göstərə bilər.
Hansı qarpızlardan uzaq durmaq lazımdır?
Mütəxəssislər əvvəlcədən doğranılmış və soyuducuda saxlanılmayan qarpızların alınmasını məsləhət görmürlər.
Otaq temperaturunda və ya isti şəraitdə saxlanılan doğranmış qarpızın şirin və nəmli ləti bakteriyaların sürətlə çoxalması üçün əlverişli mühit yaradır. Buna görə də belə məhsullar sağlamlıq üçün risk daşıya bilər.
Jalə Demokrat.az


