Həddindən artıq isti havalarda bir çox insan sərinləməyin ən sadə yolu kimi mümkün qədər çox paltar çıxarmağa çalışır. Lakin "Mirror" nəşrinin yazdığına görə, təcili yardım həkimi bu vərdişin təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edib.
Demokrat.az xəbər verir ki, insan yandırıcı günəş altında olduqda bədəni tamamilə açıq saxlamaq məsləhət deyil. Paltarsız vəziyyətdə dəri daha çox günəş şüası qəbul edir və daha sürətlə qızır. Britaniyalı həlimlər bunun əvəzinə təbii parçalardan hazırlanmış yüngül və bol geyimlərdən istifadə etməyi tövsiyə edir. Belə geyimlər birbaşa günəş şüalarından qoruyur və orqanizmin normal temperaturunu saxlamağa kömək edir.
Həkimlər sürətlə sərinləmək üçün istifadə olunan digər məşhur üsuldan – soyuq suya qəfil tullanmaqdan da çəkindirib. Temperaturun kəskin dəyişməsi əzələ spazmlarına və soyuq şoka səbəb ola bilər. Nəticədə insan bədəninə nəzarəti itirə və ya su udaraq boğulma təhlükəsi ilə üzləşə bilər. Xüsusilə suyun temperaturu 15 dərəcədən aşağı olan hövzələr daha təhlükəli hesab olunur.
Mütəxəssislər təhlükəsiz sərinləmə üsulu kimi sərin və nəm dəsmalların qoltuqaltına, kürəyə və ya bud nahiyəsinə qoyulmasını, həmçinin dəriyə sərin su püskürdülməsini tövsiyə edir. Bununla belə, burada da ölçüyə riayət etmək vacibdir. Bədən temperaturunun həddindən artıq sürətlə aşağı salınması termorequlyasiya mexanizmlərini poza və hətta hipotermiyaya səbəb ola bilər.
Həkimlər istilik vurmasının ilk əlamətləri görünən kimi tibbi yardıma müraciət etməyin vacibliyini də xatırladıb. Əgər insan isti hava səbəbindən özünü pis hiss edirsə, yanında təcili yardım çağıracaq və vəziyyətinə nəzarət edəcək bir nəfərin olması mühüm əhəmiyyət daşıyır.
İstilik vurmasının əsas əlamətləri arasında başgicəllənmə, halsızlıq, güclü baş ağrısı, ürəkbulanma, şüurun qarışması və hərəkət koordinasiyasının pozulması göstərilir. Bu simptomlar yarandıqda dərhal kölgəyə və ya sərin məkana keçmək, bədəni soyutmağa başlamaq və tibbi yardım almaq lazımdır.
Jalə Demokrat.az


