Türkiyə ilə Azərbaycan arasındakı köklü dostluq əlaqələrini iqtisadi müstəvidə daha da gücləndirməyi hədəfləyən Türkiyədəki Azərbaycanlı İş İnsanları Birliyi (TAİB) yeni dövrün ilk Üzvlər Məclisi toplantısını keçirib.
Demokrat.az xəbər verir ki, Vadi İstanbulda yerləşən Kaşıbəyaz restoranında baş tutan toplantıda birliyin qarşıdakı dövrdə həyata keçirəcəyi fəaliyyətlər müzakirə olunub, strateji yol xəritəsi ətrafında geniş fikir mübadiləsi aparılıb.
Toplantının açılış nitqini söyləyən TAİB-in sədri Dr. Asıf Kurban iştirak edən bütün üzvlərə təşəkkürünü bildirərək, yeni dövrdə izlənəcək strategiya ilə bağlı mühüm mesajlar verib. O, çıxışında qeyd edib:
“TAİB olaraq məqsədimiz yalnız Azərbaycan əsilli iş insanlarını eyni çətir altında bir araya gətirmək deyil. Əsas hədəfimiz üzvlərimiz arasında güclü biznes əlaqələri yaratmaq, həmrəyliyi və institusional əməkdaşlığı artırmaq, yeni investisiya və tərəfdaşlıq imkanları formalaşdırmaq, həmçinin iş dünyasının ehtiyaclarına həll yolları təqdim edən səmərəli bir platforma qurmaqdır. Bununla yanaşı, Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələrin daha da inkişafına töhfə verəcək layihələr həyata keçirmək, iki qardaş ölkənin iş dünyası arasında dayanıqlı körpülər yaratmaq və ortaq inkişaf vizyonunu dəstəkləmək də TAİB-in əsas prioritetləri sırasındadır. Bu yanaşma əsasında üzvlərimizə dəyər qatacaq fəaliyyətləri qətiyyətlə davam etdirəcəyik".
Toplantı çərçivəsində çıxış edən birlik üzvləri yeni dövrdə həyata keçirilməsi planlaşdırılan layihələr, qarşıya çıxan çətinliklər və onların həlli yolları ilə bağlı fikir və təkliflərini səsləndiriblər. Üzvlər ortaq mövqedən çıxış etməyin və kommersiya əməkdaşlığını genişləndirməyin vacibliyini xüsusi vurğulayıblar.
Toplantıda iştirak edən və eyni zamanda TAİB-in üzvü olan Paşa Bank Türkiyənin direktor müavini Fərid Əliyev iş dünyasını yaxından maraqlandıran maliyyə məsələlərinə toxunub. O, bank sektorunun mövcud vəziyyəti barədə iştirakçılara məlumat verərək, iş insanları üçün nəzərdə tutulan investisiya kreditləri və maliyyələşdirmə imkanları ilə bağlı ətraflı təqdimat edib.
Toplantı iştirakçıların birgə xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.







