Bəzi ağaclar gözəl görünüşünə və kölgə yaratmaq qabiliyyətinə baxmayaraq invaziv növlər hesab olunur. Mütəxəssislərin fikrincə, belə ağacları hətta daimi nəzarət altında saxlanılan şəxsi həyətdə belə əkmək məsləhət görülmür.
Demokrat.az xəbər verir ki, məşhur məsləhətçi Marta Stüartın saytına danışan ekspertlərin sözlərinə görə, bu növlər sürətlə yayılaraq yerli ekosistemlərə ciddi zərər vura bilər.
Siyahıda ilk yeri Ligustrum cinsinə aid biryuçina tutur. Bu bitki sıx yarpaqlı və sürətlə böyüyən landşaft ağacı və ya kol kimi təqdim olunur. Görünüş baxımından cəlbedici olsa da, onun invaziv xüsusiyyətləri səbəbindən əkilməsindən çəkinmək tövsiyə edilir.
Sertifikatlı arborist Kris Roddik bildirib ki, biryuçina həyətin sərhədlərindən kənara çıxaraq təbii meşələrə və digər ərazilərə yayılır: "Biryuçina həyətdən kənara çıxır və təbii meşələrə, eləcə də digər ərazilərə nüfuz edir".
Onun sözlərinə görə, quşlar və külək vasitəsilə daşınan toxumlar ağacın sürətlə yayılmasına səbəb olur, nəticədə meşələr zəbt edilir və yerli ekosistemlərin tarazlığı pozulur.
Siyahıda ikinci ağac növü ən hündür aylant (Ailanthus altissima) hesab olunur. Mənşəcə Çindən olan bu ağac sürətlə böyüyərək 20–30 metr hündürlüyə çata bilir. Hər bir ağacın 300 minədək toxum yaymaq qabiliyyətinə malik olması onun geniş ərazilərə yayılmasını asanlaşdırır. Bundan əlavə, bitki kök pöhrələri və torpaqda qalan cücərtilər vasitəsilə də çoxalır.
Artıq yaşıllaşdırma proqramlarında istifadə edilməyən digər invaziv növ isə daryarpaqlı iydədir. Ağacın toxumları xüsusilə çaylar və axın suları vasitəsilə geniş ərazilərə yayılır. O, həmçinin kök zoğları ilə çoxalma qabiliyyətinə malikdir.
Ekspertlərin qeyd etdiyi digər problemli növ akasiyadır. Xoş ətri və möhkəm gövdəsi səbəbindən hasar və ya terras tikintisində istifadə oluna bilsə də, akasiya çox sürətlə yayılır və yerli ağac növlərini sıxışdırıb çıxarır. Nəticədə bəzi ərazilərdə meşə və ya yaşıllıq zolaqları demək olar ki, yalnız akasiyadan ibarət olur ki, bu da biomüxtəlifliyin azalmasına səbəb yaradır.
Jalə Demokrat.az


