Quba rayonunda 34 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib. 1991-ci il təvəllüdlü Əli arvadı Aygünlə (adlar şərtidir – red.) aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı onun baş və bədən nahiyələrinə yumruq və təpiklə zərbələr endirib, müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Faktla bağlı Əlinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Əli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2013-cü ildə Aygünlə evlənib, bu evlilikdən onların üç övladı dünyaya gəlib:
“Son vaxtlar Aygünlə aramızda tez-tez mübahisələr yaranırdı. Sonuncu dəfə hadisə günü gecə saat 2 radələrində sərxoş vəziyyətdə yaşadığım evə gəldim. Aygün sərxoş olduğumu gördü və mənimlə mübahisə etməyə başladı. Həmin vaxt əsəbiləşərək onun sol əlinə və sifət nahiyəsinə şillə vurdum, ona xəsarət yetirdim”.
Quba Rayon Məhkəməsində aparılan araşdırma zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Zərərçəkən də ona qarşı şikayətini geri götürüb. Hakim hökm çıxararkən bu halları nəzərə alıb.
Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.


