Qax rayonunda 33 yaşlı kişi arvadına şiddət göstərib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 14-də baş verib. 1993-cü il təvəllüdlü Ağsu rayon sakini Elşən həmin gün saat 23 radələrində Qax şəhərində kirayə yaşadıqları evdə arvadı Sonanın (adlar şərtidir – red.) ona kobud ifadələr işlətməsi səbəbindən aralarında yaranmış ailə-məişət münasibətləri zəminində baş vermiş mübahisə zamanı onun alın və burun nahiyəsinə bir neçə dəfə yumruq ilə vurub.
Faktla bağlı Elşənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Elşən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Sona onun həyat yoldaşıdır:
“Mən Sonanı yumruqla vurmamışam. Ona telefon enerji toplayıcısını atmışam və o xəsarət alıb. Hadisənin baş verməsi səbəbi ilə bağlı onu deyə bilərəm ki, həyat yoldaşım Qax rayonunda işləyir. Mən Bakı şəhərinə getməyi təklif etdim. Lakin o, razılaşmadı. Bundan sonra aramızda mübahisələr baş verməyə başladı. Sonra evdə söz-söhbət olmaması üçün dostumun evinə getdim. Dostum onlarda qalmağımı təklif etdikdə, həyat yoldaşım tək olduğu üçün evə qayıtmaq istədiyimi bildirdim. Mən taksi ilə evə qayıdan zaman həyat yoldaşımın əşyalarını anasıgilə apardığını gördüm. Mən taksi sürücüsünə əşyaları geri qaytarmasını dedim. Sürücü dediklərimi etdi. Evə girərək həyat yoldaşımın getməməsi üçün qapını bağladım. Çünki ailəmin dağılmasını istəməmişəm”.
Təqsirləndirilən şəxs deyib ki, daha sonra telefonla videogörüntü vasitəsi ilə anası ilə danışıb:
"Anam da ağılımızı başımıza yığmağı və bir yerdə oturmağımızı dedi. Həmin vaxt telefonumun enerjisi azalmışdı. Arvadımdan telefonun enerji yükləyicisini istədim. O, isə vermədi. İkinci dəfə istədikdə isə Sona qeyri etik ifadə ilə yükləyicini üstümə atdı. Bundan sonra telefonun enerji yükləyicisini Sonaya atdım və başına dəydi”.
Elşən bildirib ki, Sona ilə barışmağı qarşılığında ona avtomobil verib, adına rəsmiləşdirəcəyi təqdirdə barışacağı təklif olunub:
“Mənim bundan əvvəl də evliyim olub, azyaşlı uşağım var. Onlar Abşeron rayonunda yaşayırlar. Uşağım ilə ünsiyyət saxlayıram, ona aliment verirəm”.
İş üzrə zərərçəkmiş Sonanın sözlərinə görə, əslində onların münaqişəsi birinci dəfə deyil: “Dəfələrlə bu hadisələr baş verib. Mənim də təqsirləndirilən şəxsdə olduğu kimi ikinci evliliyimdir. Bir qadın olaraq düşünürəm ki, yetəri qədər mübarizə aparmışam. Ailə qurduğumun birinci həftəsindən Elşən məni döyüb. Əvvəllər Bakı şəhərində yaşamışam. Elşənin problemlərinə görə üç dəfə kirayə ev dəyişmişik. Sonra isə Qax rayonuna gəlmişik. Rayonda kitabxanada işləyirəm və normal şəkildə işə gedib gəlirəm, normal həyat yaşayıram”.
Zərərçəkmiş bildirib ki, Elşən rayonunda yaşamaqdan sadəcə sıxılıb və Bakıya getmək istədiyin bildirib:
“Mən də müalicə prosesinin olduğunu və müalicə başa çatdıqdan sonra gedə biləcəyimi dedim. Amma Elşən bəhanələr gətirərək məni qoyub gedəcəyini bildirdi. Elşən pal-paltarını yığıb taksi ilə getdi. Səhəri gün isə kirayə haqqının veriləcəyi gün idi. Elşən mənə vaxtın bitdiyini və əşyalarını yığışdırıb getməyimi dedi. Hadisə baş verən günü Elşən sərxoş vəziyyətdə olub. O, taksi sürücüsünün qarşısını kəsdi, telefonlarımı əlimdən aldı və getməməyimi dedi. Elşən məndən telefonun enerji yükləyicisini istədi. Mən isə nəsə dediyimi dəqiq xatırlamıram. O, yaxınlaşaraq əvvəlcə mənə şillə vurdu. Həmin vaxt Elşəni itələdim. Bundan sonra burun nahiyəmə yumruqla vurdu, alnımın bir hissəsi şişdi. Məni döydü, divara çırpdı və biədəb ifadələr işlətdi”.
Qax Rayon Məhkəməsinin hökmü ilə Elşən 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsə Bakı şəhər Probasiya Şöbəsinə məlumat vermədən cəzaçəkmə müəddəti ərzində hər gün saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı evi tərk etməsi, Bakı şəhəri və Abşeron rayonunun hüdudlarından kənara çıxması qadağan olunub.
Bundan əlavə ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək tapşırılıb. Bu hallar müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna edilib.
Bundan başqa, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Fariz Məlikli Demokrat.az


