Qazaxıstan artıq Orta Dəhlizdə sadəcə tranzit ərazi olaraq qalmaq istəmir və diqqətini logistika, yüklərin çeşidlənməsi, anbarlar və reeksporta yönəldir.
Demokrat.az xəbər verir ki, bu barədə Prezident Administrasiyası rəhbərinin müavini Asel Janasova Ulysmedia.kz saytına danışıb.
Asel Janasovanın qeyd etdiyi kimi, Orta Dəhliz bu gün Asiya və Avropa arasında daha böyük nəqliyyat sisteminin bir hissəsi kimi görünür.
"Biz Orta Dəhlizi bütün digər mühüm dəhlizlərin tamamlayıcısı kimi inkişaf etdiririk və bu, Avropa İttifaqı üçün böyük layihədir. Biz böyük maraq görürük və son hadisələr bu dəhlizə investisiyaları xüsusilə artırıb. Hazırda Qazaxıstan infrastruktur və xidmətlərin inkişafına böyük sərmayələr qoyur. Bu gün avropalı həmkarlarımız Çin sərhədindən yükləri 15 gün ərzində Avropa ölkələrinə çatdırmaq istəklərini bildiriblər. Bir çox məsələlər qaldırıldı: daşımaların şəffaflığı, tariflər və digər aspektlər. Biz bu problemləri kompleks şəkildə həll etməyə hazırıq. Bu, təkcə Qazaxıstana deyil, Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyəyə də aiddir. Biz bu gün müzakirə olunan keyfiyyət səviyyəsini təmin etmək üçün bu marşrutu inkişaf etdirmək və inteqrasiya etmək üçün Mərkəzi Asiya ölkələri ilə işləyəcəyik. Bu, bütün müştərilərin Qazaxıstan ərazisindən keçən marşrutdan istifadə etmələrini təmin edəcək”, - deyə Qazaxıstan Prezident Administrasiyası rəhbərinin müavini bildirib.
Bu arada iri beynəlxalq daşıyıcılar Qazaxıstana qayıdır, bəzi şirkətlər isə ilk dəfə bazara çıxır. Onların arasında Asel Janasova Maersk, MSC, DHL və Rhenus şirkətlərinin adını çəkib.
Aİ ilə neft sektorundan kənarda əməkdaşlıqdan danışan Janasova kənd təsərrüfatı və reeksport sahələrini qeyd edib.
O qeyd edib ki, Qazaxıstan əhəmiyyətli ixrac potensialına malikdir, lakin buna nail olmaq üçün nəqliyyatdan tutmuş soyuducu infrastruktura qədər praktiki logistika məsələləri həll edilməlidir.
Asel Janasova həmçinin Qazaxıstana Çin və Avropa arasında çeşidləmə və multimodal mərkəz kimi baxan beynəlxalq pərakəndə satıcıları misal çəkib.
Alparslan Demokrat.az


