Gədəbəy rayonunda 59 yaşlı kişi tanışına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin sentyabrın 8-də rayon ərazisində yerləşən Göydəyə adlanan yaylaq sahəsində baş verib.
1967-ci il təvəllüdlü Maqsud tanışı Şamil ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə və münaqişə zamanı onun ünvanına söyüş söydüyünə görə əlində olan ağacla baş, kürək nahiyəsindən zərbə vurub.
İş üzrə izahat verən Maqsud bildirib ki, Gədəbəy rayonunun kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir:
“Zərərçəkmiş Şamil ilə tanışıq. Mənim Şamil ilə münasibətlərim əvvəllər normal olub, aramızda ədavət, düşmənçilik olmayıb. Sentyabrın 8-də, saat 19 radələrində yaylaq sahəsində yaşadığım evdə olarkən Şamil və onun arvadı Adilə bir-biriylə dalaşdılar. Bu zaman Şamil bizi göstərərək nalayiq söyüşlər söydü. Mən də oğlum və qardaşım oğlunun Şamilin söyüşlərini eşidərək onunla dalaşacağını düşündüm və ondan söyüş söyməməsini istədim. Şamil isə sakitləşmədi, söyməyə davam etdi.
Mən də əsəbləşərək əlimdəki ağacla onu vurdum. Əlini tək özüm vurmuşam. Nə oğlum Aqil, nə də qardaşım oğlu Vüsal Şamili vurmayıblar”.
İş üzrə zərərçəkmiş Şamilin sözlərinə görə, Şəmkir rayonunun qəsəbəsində yerləşən özünə məxsus fərdi yaşayış evində analığı Sürayə ilə birlikdə yaşayır:
“Doğma ata və anam ölüb. Bundan 2 il əvvəl Könül ilə evlənmişəm, 7 aylıq azyaşlı qız övladlarımız var. Heyvandarlıqla məşğul olduğum üçün yay aylarında Gədəbəy rayonu kəndinə gələrək orada analığıma məxsus evdə qalmışam”.
Zərərçəkmiş deyib ki, təqsirləndirilən Maqsud, oğlu Aqil və qardaşı oğlu Vüsal ilə münasibəti qonşu olduğu vaxtdan yaranıb:
“Onların üçü ilə də münasibətim normal olub. Hətta Maqsud və oğlu Aqilə Adilə ilə evlənməyimdə vasitəçi də olublar. Subay olduğumu öyrənəndə onlar Adilə adlı tanıdıqları bir nəfər qız olduğunu, onunla evlənə biləcəyimi dedilər. Bundan sonra da biz evləndik. Adilə Şəmkir rayonunun kəndində qeydiyyatda olub. Aqil və atası Şamil Şəmkir rayonundan Gədəbəy rayonuna öz maşınları ilə bir neçə dəfə gətirdikləri üçün onlara arvadımı gətriməmələrini, özümün öz arvadımı gətirə biləcəyimi dedim. Belə dediyimə görə aramızda narazılıq yarandı. Aqil məni yumruqla vursa da, onun barəsində şikayət etmədim. Bundan sonra aramızda narazılıq yaranıb”.
Zərərçəkmiş şəxs deyib ki, sonuncu dəfə 8 sentyabr 2025-ci ildə, saat 19 radələrində yaylaqda yaşamaq üçün tikdikləri çadırda olarkən Adilə ilə aralarında sözlü mübahisə yaranıb:
“Mübahisəyə səbəb Sadiq adlı qonşumuzun həmin gün bizim üçün veş gətirməsi olub. Adilə Sadiqə niyə mənimlə dostluq etdiyini, məndən uzaq durmasını dedi. Bundan sonra Adiləni qaldığımız çadıra apardım. Mənimlə mübahisə etməsi üçün qəsdən öyrətdiklərini dedim və Adiləni öyrədənlərin ünvanına söyüşlər söydüm, çadırdan çölə çıxdım. Söyüş söydüyümü eşitdikləri üçün Aqil, Maqsud və Maqsudun qardaşı oğlu Vüsal arxamca gələrək onlara niyə söyüş söydüyümü dedilər, mənimlə mübahisə etməyə başladılar. Mən isə onlara deyil, Adiləni mənə qarşı dolduranlara, öyrədənlərə söydüyümü dedim. Bu vaxt Maqsud əlində olan ağacla başımın arxasına və kürək nahiyəmə, Vüsalla Aqil isə mənim müqavimət göstərməməyim üçün qollarımdan tutdular, yumruqla baş nahiyəmə bir neçə zərbə vurdular. Anam Sürayə məni qorumaq üçün araya girdi, Maqsud ağacla onu da əlindən vurdu. Daha sonra aralaşdılar. Mən yuxarı öz çadırıma tərəf qalxdıqda isə Aqil öz qırmızı “Niva” markalı maşının arxamca üzərimə sürdü. Amma yana qaçdığım üçün məni vura bilmədi. Daha sonra maşından düşərək bıçaq çıxardı və bıçaqla məni hədələdi. O, bıçağı göstərərək “Səni, bax bu bıçaqla vurub öldürərəm”– dedi və sonra oradan getdi”.
Gədəbəy Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndlərinə əsasən xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


