İngiltərənin Nottingham bölgəsində yerləşən və əfsanəvi Robin Hudla əlaqələndirilən 1 200 illik Major Oak palıd ağacı bu yaz yarpaq açmayaraq bioloji ömrünü başa vurub.
"Sherwood Forest" meşəsinin ən məşhur simvollarından biri hesab olunan ağacın ölüm səbəbləri ilə bağlı bildirilib ki, uzun illər ərzində bölgəyə gələn milyonlarla turistin yaratdığı təzyiq ağacın kök sisteminə ciddi zərər vurub. Mütəxəssislərin sözlərinə görə, torpağın sıxlaşması yağış sularının köklərə çatmasının qarşısını alıb, nəticədə ağac zamanla zəifləyərək həyat qabiliyyətini itirib. ə Məlumata görə, ağacın qurumasında yalnız insan fəaliyyəti deyil, həm də son illərdə müşahidə olunan iqlim dəyişiklikləri, quraqlıq və ekstremal istilər mühüm rol oynayıb. Bundan əlavə, nəhəng budaqları saxlamaq üçün tətbiq edilən mexaniki dayaqların da ağacın ümumi vəziyyətinə mənfi təsir göstərdiyi qeyd olunur.
Tarixdə ilk dəfə 1790-cı ildə Hayman Rooke tərəfindən qələmə alınan yazılarda adı çəkilən Major Oak əsrlər boyu Robin Hud və tərəfdarlarının gizləndiyi yer kimi tanınıb. Bu səbəbdən ağac həm tarixi, həm də mədəni baxımdan Böyük Britaniyanın ən mühüm təbii irs nümunələrindən biri hesab olunurdu.
Bildirilib ki, Major Oak ölsə də, yerindən götürülməyəcək. Ağac təbii abidə kimi qorunacaq və çürümə prosesi zamanı müxtəlif həşəratlar, quşlar, göbələklər və digər canlılar üçün yaşayış mühiti yaratmağa davam edəcək.

Leyla Demokrat.az


