Türkiyənin Bartın əyalətinin Amasra rayonundakı Çakraz çimərliyində üzərində döyüş sursatı olmadığı müəyyən edilən parçalanmış pilotsuz uçuş aparatı (PUA) aşkarlanıb.
Demokrat.az xəbər verir ki, məlumata görə, bu aparat 5 gün əvvəl yenə Bartın vilayətinin Kurucaşilə rayonunda tapılan və eyni seriyaya aid olan aldadıcı hərbi dronla eynilik təşkil edir.
Amasra rayonuna bağlı Çakraz çimərliyində tapılan PUA ilə bağlı əraziyə jandarma qüvvələri cəlb olunub. Təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bölgədə aparılan ilkin araşdırma zamanı aparatın üzərində hər hansı döyüş sursatının olmadığı müəyyən edilib.
Jandarma əməkdaşları tərəfindən sahildən götürülən pilotsuz aparat ekspertiza üçün Ankaraya göndərilib.
Uzun müddət suda qaldığı və parçalanmış vəziyyətdə olduğu müəyyən edilən dronun gövdəsi və qanad hissələrinin strafor köpükdən, pərlərinin ağacdan, birləşdirici vintlərinin isə plastikdən hazırlandığı təsbit olunub.
Rusiya istehsalı olduğu ehtimal edilən pilotsuz uçuş aparatının dəqiq mənşəyinin Ankarada aparılacaq ekspertizadan sonra müəyyənləşdirilməsi gözlənilir.
Mütəxəssislərin ilkin ehtimallarına görə, aşkarlanan pilotsuz aparat sursat daşımaq imkanına malik olsa da, əsasən hücum dronlarından əvvəl göndərilərək hava hücumundan müdafiə sistemlərini və radarları çaşdırmaq məqsədilə istifadə olunan aldadıcı vasitələrdən biridir.


Jalə Demokrat.az


