Kişilərin erkən ölməsinin və insan beyninin uğurlu şəxslərə qarşı reaksiyasının elmi səbəbləri məlum olub.
Demokrat.az xəbər verir ki, Türkiyədə insanlar arasında keçirilən sorğuda bir çox vətəndaş kişilərin qadınlara nisbətən daha az yaşaması ilə bağlı fərqli fikirlər irəli sürüb. Məşhur alim, professor Oytun Erbaş mövzu ilə bağlı qadın və kişilərin ömür uzunluğu, mədəniyyətin ötürülməsi, eləcə də beyindəki qavrayış illüziyaları barədə şok faktları açıqlayıb.
Neyrologiya və təkamül proseslərə əsaslanan araşdırma cəmiyyətdəki bəzi ənənəvi yanaşmaları təkzib edir. Alimin sözlərinə görə, qadınların kişilərdən daha uzun yaşaması tamamilə bioloji və genetik amillərlə bağlıdır. Qadın orqanizmindəki estrogen hormonu onları damar sərtliyinə qarşı qoruyur, həmçinin DNT-də ömür müddətinə təsir edən "telomer" zənciri qadınlarda daha uzundur.
Dünyada yüz yaşını keçən insanların böyük əksəriyyətini məhz qadınlar təşkil edir. Digər tərəfdən, kişilərdə testosteron hormonu cəsarəti və qayğısızlığı artırsa da, onları səhhətlərinə qarşı laqeyd edir. Bu səbəbdən kişilər həkimə gec müraciət edir və onlarda aşkarlanan beyin şişləri daha böyük ölçülərdə qeydə alınır. Leykemiya, sepsis və infeksion xəstəliklərdən ölüm riski də kişilərdə daha yüksəkdir.
Tədqiqatda insan beyninin uğura verdiyi neqativ reaksiyanın da səbəbi izah olunub. Bildirilib ki, insan beyni təkamül nəzəriyyəsinə görə daim ətrafı müqayisə edir. Eyni mühitdə bir nəfərin qəfil uğur qazanması beyində qısqanclıq siqnalı yaradır, bu isə uğurlu insanların cəmiyyətdə "itici" və ya "qıcıq" kimi qəbul edilməsinə dair fikirlərə yol açır.
Jalə Demokrat.az


