Sosial media Özəl

Bloqerlərin "milyonları" haradan gəlir? — Asan qazancın görünməyən tərəfləri

Bloqerlərin milyonları haradan gəlir? — Asan qazancın görünməyən tərəfləri

Bakı-Sumqayıt yolunda baş verən ağır yol-nəqliyyat hadisəsində qızı Zəhra Mehdiyevanı itirən tanınmış hüquqşünas Fərhad Mehdiyev övladı ilə bağlı növbəti dəfə duyğusal paylaşım edib. Fərhad Mehdiyevin “Qızım mənə bloqerlərin vəkillərdən daha çox pul qazandığını deyirdi” fikri cəmiyyətdə diqqət çəkən mühüm müzakirəni yenidən gündəmə gətirib. Son illər sosial şəbəkələrin təsir gücünün artması ilə bloqerlik təkcə məşhurluq deyil, həm də ciddi qazanc mənbəyinə çevrilib. Reklam müqavilələri, sponsorlu paylaşımlar və kommersiya əməkdaşlıqları bəzi bloqerlərə qısa müddətdə yüksək gəlir qazandırır. Lakin bu gəlirlərin hamısının real bazar dəyərinə söykəndiyi ilə bağlı cəmiyyətdə birmənalı fikir yoxdur. Bəzi hallarda bloqerlər üzərindən süni reklam bazarı formalaşdırılır, hətta qeyri-rəsmi maliyyə dövriyyəsinin və çirkli pulların leqallaşdırılması üçün sosial media platformalarından istifadə oluna bilər. Bu isə cəmiyyətdə belə sual yaradır ki, doğrudanmı bloqerlik zəhmət və peşəkarlıq hesabına bu qədər gəlirli sahəyə çevrilib, yoxsa görünən dəbdəbənin arxasında başqa maliyyə mexanizmləri dayanır?

Məsələ ilə bağlı Demokrat.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, son illərdə sosial şəbəkələr böyük məbləğdə çirkli pulların yuyulması üçün əlverişli zəminə çevrilib:

“Bu prosesdə isə əsasən daha az əziyyətlə daha çox pul qazanmaq istəyən gənclərdən istifadə olunur. Biz tez-tez şahid oluruq ki, cəmiyyət üçün sosial, maarifləndirici və ya iqtisadi baxımdan ciddi əhəmiyyət daşımayan şəxslərə böyük maliyyə dəstəyi göstərilir. Burada platformaların tətbiq etdiyi komissiya və vergilər çıxıldıqdan sonra həmin iştirakçılar, onları müəlliflər də adlandıra bilərik vəsaitləri əldə edir, sonra isə bu pulları nağdlaşdıraraq istədikləri istiqamətlərdə xərcləyə bilirlər. Problem ondadır ki, bu gəlirlərin böyük hissəsi vergiyə cəlb olunmur. Halbuki mövcud qanunvericiliyə əsasən, hər bir vətəndaş əldə etdiyi gəlirləri bəyan etməli və həmin gəlirlər üzrə müvafiq vergi ödənişlərini həyata keçirməlidir. Son dövrlərdə xüsusilə “TikTok”, “Instagram”, “Facebook” və “WhatsApp” üzərindən aparılan fəaliyyətlərdə həm çirkli pulların yuyulmasına çalışan şəxslər, həm də bu prosesdə bilərəkdən və ya bilməyərəkdən iştirak edənlər Azərbaycanda vergi ödəyicisinə çevrilmirlər. Söhbət isə kifayət qədər böyük məbləğlərdən gedir”.

O qeyd edib ki, bu platformalar arasında yalnız “YouTube” rəsmi şəkildə vergi uçotuna alınmış şəxslərə və onların rəsmi bank hesablarına ödəniş edir:

“Bu səbəbdən “YouTube” üzərindən əldə olunan gəlirlər müəyyən qədər vergi nəzarətinə düşür. Lakin digər platformalarda Azərbaycan ərazisində qazanılan vəsaitlərin yalnız çox kiçik hissəsi vergiyə cəlb olunur. Məsələ təkcə bloqerlərin çirkli pulların yuyulmasında iştirak etməklə yüksək gəlir əldə etməsi ilə məhdudlaşmır. Eyni zamanda vlog çəkilişləri, sosial şəbəkələrdə reklam yerləşdirilməsi və xüsusilə reklam sifarişləri zamanı dövr edən böyük məbləğlər də nə reklam haqqında qanunvericiliyə, nə də vergi uçotu tələblərinə tam uyğun şəkildə rəsmiləşdirilir. Burada söhbət milyonlarla, hətta yüz milyonlarla manatın vergidən yayındırılmasından gedir. Nəticədə, mənbəyi bəlli olmayan vəsaitlər sosial şəbəkələr üzərindən leqallaşdırılır, iqtisadiyyatın müxtəlif sahələrinə yönəldilir və ayrı-ayrı şəxslərin fəaliyyətinin maliyyələşdirilməsinə xidmət edir. Bu isə həm iqtisadi, həm də hüquqi baxımdan ciddi risklər yaradır.

Azərbaycanda bu sahədə effektiv nəzarət mexanizmlərinin formalaşdırılması zəruridir. Çünki proses artıq kütləvi xarakter alıb və Azərbaycan gənclərinin böyük bir hissəsi bəzən özü də fərqinə varmadan bu sistemin iştirakçısına çevrilir. Müəyyən qismi isə bunun mahiyyətini bilərək bu prosesə qoşulur. Məhz buna görə, Fərhad bəyin və mərhum qızının səsləndirdiyi fikirlər ciddi reallığı əks etdirir. Sosial platformalarda fəaliyyət göstərən və bu prosesdə iştirak edən şəxslər nəinki vəkillərdən, ümumiyyətlə Azərbaycandakı bir çox peşə sahiblərindən qat-qat çox gəlir əldə edirlər və bunu çox zaman daha asan yollarla qazanırlar. Təəssüf ki, bu məsələdə Azərbaycan gəncliyi kütləvi şəkildə alətə çevrilib. Problemin təsiri yalnız iqtisadi sahə ilə məhdudlaşmır, bunun həm də ciddi mənəvi və sosial nəticələri var. Bu vəziyyət bizi düşünməyə vadar edir ki, gələcəkdə həm Azərbaycan gəncliyini qorumaq, həm də mənbəyi şübhəli vəsaitlərin sosial platformalar vasitəsilə leqallaşdırılmasının qarşısını almaq üçün bu sahəyə daha ciddi nəzarət tətbiq olunmalıdır”.

Beləliklə, sosial şəbəkələrin sürətli inkişafı fonunda yaranan nəzarətsiz gəlir sahələri həm iqtisadi, həm də mənəvi cəhətdən ciddi risklər formalaşdırır. Hüquqşünas Fərhad Mehdiyevin mərhum qızı ilə olan dialoqu bloqerlik sahəsindəki süni dəbdəbənin və qeyri-bərabər qazanc sisteminin cəmiyyətdəki real mənzərəsini üzə çıxardı. Ağır intellektual əmək tələb edən peşələrin kölgədə qalması və gənclərin asan qazanc naminə şəffaf olmayan maliyyə mexanizmlərinə yönəlməsi gələcək üçün təhlükəli tendensiyadır. İnternet üzərindən aparılan kommersiya fəaliyyətlərinin, xüsusilə reklam və sponsorluq gəlirlərinin tam vergi nəzarətinə götürülməsi həm dövlət büdcəsinin qorunması, həm də gənc nəslin hüquqi müstəvidə fəaliyyət göstərməsi üçün qaçılmaz zərurətə çevrilir.

Leyla Demokrat.az

NE
Nihadə Eyyubova