Region Özəl

Kremlin Ermənistanda növbəti gedişi: Karapetyan müxalifətin birləşdiyini bəyan etdi

Kremlin Ermənistanda növbəti gedişi: Karapetyan müxalifətin birləşdiyini bəyan etdi

Samvel Karapetyan sensasion bəyanatla çıxış edib.

"Mən müxalifət qüvvələrinin birləşməsini bəyan edirəm"

Bu sözləri "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyan deyib. O, müxalifət qüvvələrinin birləşdiyini bəyan edib.

Bu barədə milyarder Karapetyan özü aparıcı erməni KİV-lərinin rəhbərləri ilə söhbətində bildirib.

"Seçkilər öncəsi bu səhvə yol verdiyimiz üçün ola bilsin ki, ədalətli mübarizə aparmış bir çox müxalifət qüvvələri öz güclərini həddən artıq qiymətləndirdilər. Biz bir çox müxalifət qüvvələri ilə anlaşa bilmədik, ona görə də bu birləşmə ölkəmiz və xalqımız üçün çox vacibdir. İnanıram ki, ölkəmizi düşünən müxalifət qüvvələri buna cavab verəcək və biz seçkidən sonra mütləq müxalifət koalisiyası yaradacağıq", - Karapetyan vurğulayıb.

Samvel Karapetyan həmçinin müxalifətin koordinasiya şurasının yaradılmasını təklif edib.

"Gəlin canlı ünsiyyət yaradaq, bütün problemləri xalqımıza açıq şəkildə təqdim edək – düzgün müzakirələr apararaq, xalqımıza müraciət edərək, nəyin doğru olduğunu anlayaraq, biz bu addımlarla irəliləyəcəyik", - deyə Kremlin Ermənistandakı "təsir adamı" sözlərinə əlavə edib.

Bütün bu proseslər ondan xəbər verir ki, Rusiya Ermənistandakı məğlubiyyəti ilə qəti olaraq barışmır və yeni əks-həmlələrə hazırlaşır. Xatırladırıq ki, Ermənistan parlamentindəki yerlərin 64-ü hakim partiya, 41 deputat yerini isə müxalifət partiyaları qazanıb.

Hazırda Ermənistan Parlamentində 64 mandat Paşinyanın partiyasına, 29 mandat Samvel Karapetyanın lideri olduğu "Güclü Ermənistan" partiyasına, 12 mandat isə birləşmiş "Ermənistan" siyasi blokuna aiddir. "Ermənistan" blokunda isə keçmiş separatçılar Köçəryan və Sarqsyanın, habelə onlara rəğbət bəsləyən xırda partiyalar birləşiblər.

Əgər Samvel Karapetyanın (Kremlin) müxalifəti birləşdirərək onun vahid lideri olmaq planı baş tutarsa, o zaman Paşinyanın işi çox çətin olacaq. Çünki Konstitusiyada dəyişiklik, hökumətin buraxılması, növbədənkənar seçkilərin keçirilməsi kimi kritik qərarların qəbulu üçün hakim partiyanın 64 səsi kifayət deyil.

Hazırkı durumda Paşinyan və komandasının ən mühüm vəzifəsi müxalifətin sıralarında mümkün birləşmənin qarşısını almaq və ayrı-ayrı müxalif deputatları öz tərəfinə çəkərək qanunverici orqanda öz partiyasının mütləq çoxluğunu təmin etməkdir. Əks təqdirdə birləşmiş müxalifət bloku Karapetyanın milyardlarının da yardımı ilə Paşinyan üçün ciddi başağrısına çevriləcək.

Alparslan Demokrat.az

NE
Nihadə Eyyubova