Siyasət Özəl

Gözlənilən saziş imzalandı — Bundan sonra necə olacaq?

Gözlənilən saziş imzalandı — Bundan sonra necə olacaq?

İran və ABŞ arasında əldə olunan memorandum layihəsi beynəlxalq münasibətlərdə yeni mərhələ kimi qiymətləndirilsə də, onun uzunömürlü olub-olmayacağı ilə bağlı suallar hələ də açıq qalır. Tərəflər arasında etimad problemi, keçmiş razılaşmaların pozulması və regiondakı geosiyasi gərginlik bu sənədin davamlılığına dair qeyri-müəyyənlik yaradır.

Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli Demokrat.az-a bildirib ki, hələlik bu barədə qəti fikir bildirmək çətindir, çünki proses davam edir:

"Sadəcə məlum olan odur ki, 14 bəndlik anlaşma əldə olunub, onlayn şəkildə imzalanıb və yaxın günlərdə, ehtimal ki həftənin beşinci günü, imzalanma mərasiminin keçirilməsi gözlənilir. Həm Amerika Birləşmiş Ştatları, həm də İran bu anlaşmadan məmnun görünür, lakin onun tərəflərdən hansına daha sərfəli olacağı yaxın gələcəkdə aydınlaşacaq.

ABŞ və İran arasında bundan əvvəl də bir neçə belə anlaşma imzalanıb. Sonuncusu 2015-ci ildə baş tutub, daha sonra Tramp həmin razılaşmanı bəyənmədiyini və ləğv etdiyini bəyan edib. Bu baxımdan ABŞ elə bir dövlətdir ki, imzalanan anlaşmalara prezidentlərin dəyişməsi ilə münasibət də dəyişir. Ona görə də rəsmi Tehran bu məqamı nəzərə alaraq anlaşmaya BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənmə və qüvvəyə minmə şərtini əlavə edib".

Politoloq deyib ki, İran bu sənədi BMT səviyyəsində təminat altına almağa çalışır:

"Lakin proseslərin gələcək istiqaməti hələlik tam aydın deyil. Bu anlaşma müvəqqəti xarakter də daşıya bilər, çünki hər iki tərəfin zaman qazanmağa ehtiyacı var. Eyni zamanda tərəflərdən heç biri müharibədə qələbə qazanmayıb və özünü məğlub hesab etmir. Ən əsas məsələlərdən biri də hələ həllini tapmayıb. ABŞ İranın nüvə proqramı ilə bağlı məqsədlərinə tam nail olmayıb, İran isə ABŞ-nin şərtlərini qəbul etməyib. Tərəflər ciddi itkilər versə də, qarşılıqlı üstünlük əldə olunmayıb.

Bu səbəbdən ABŞ siyasi dairələrinin mövcud vəziyyətlə razılaşıb-razılaşmayacağı da qeyri-müəyyəndir. Ona görə də bu anlaşmanın nə qədər davam edəcəyi hələlik dəqiq deyil. Növbəti mərhələdə yekun sülh sazişi hazırlanarsa, hadisələrin istiqaməti daha aydın görünə bilər. Hazırda isə bu sənəd sülh sazişi deyil, geniş məzmunlu atəşkəs xarakteri daşıyır", - deyə o qeyd edib.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova