Maraqlı

Yayda düzgün qidalanmaq üçün bunlara diqqət edin

Yayda düzgün qidalanmaq üçün bunlara diqqət edin

Yay mövsümündə havaların isinməsi ilə bədənin mayeyə olan tələbatı artır və qidalanma rejimində müəyyən dəyişikliklərə ehtiyac yaranır.

Demokrat.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu dövrdə yağlı və ağır yeməklərin istifadəsini azaltmaq daha məqsədəuyğundur. Soyuq aylarda daha çox seçilən yüksək kalorili qidaların əvəzinə, tərkibində bol su olan yüngül və qidalı məhsullara üstünlük verilməsi tövsiyə olunur. Yay menyusunda tərəvəzlər, meyvələr, tam taxıllar, paxlalılar və keyfiyyətli zülal mənbələri əsas yer tutmalıdır. Həmçinin qızardılmış yeməklər yerinə qaynadılmış, buxarda hazırlanmış, sobada bişirilmiş və ya qrildə hazırlanmış qidalar seçilməlidir. İsti hava şəraiti iştahanın azalmasına səbəb ola bilər. Bu, orqanizmin həzm prosesində yaranan əlavə istiliyi minimuma endirməyə çalışması ilə əlaqələndirilir. Eyni zamanda, kifayət qədər maye qəbul edilmədikdə qəbizlik və digər həzm problemlərinin yaranma ehtimalı artır.

Dietoloqlar yalnız meyvə ilə qidalanmağı, gün ərzində az su içməyi, həddindən artıq dondurma və şəkərli içki qəbul etməyi düzgün hesab etmirlər. Bundan başqa, iştahanın azalmasını əsas gətirərək zülal qəbulunun azaldılması da tövsiyə olunmur.

Böyüklərin gündə orta hesabla 2–2,5 litr su içməsi məsləhət görülür. Güclü tərləmə, fiziki fəaliyyət və açıq havada uzun müddət qalma hallarında isə bu miqdar artırılmalıdır. Ayran, kefir, qazsız mineral su və şəkərsiz bitki çayları maye ehtiyacının ödənilməsinə dəstək ola bilər. Şəkərli içkilər isə suyun əvəzi sayılmır.

Demokrat.az

NE
Nihadə Eyyubova