Azərbaycanda media sahəsində vahid qurum olacaq Media və Yayım Şurası yaradılır. Yeni qanun layihəsi parlamentin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə edilib. Sənəddə milli informasiya təhlükəsizliyini və medianın iqtisadi müstəqilliyini təmin etmək məqsədi daşıyan kollegial mexanizmə keçid zərurəti əksini tapıb. Müasir dövrdə çap, onlayn və audiovizual media arasındakı sərhədlərin silinməsi bu sahəyə vahid yanaşmanı tələb edir.
Məsələ ilə bağlı əməkdar jurnalist, filologiya elmləri doktoru Qulu Məhərrəmli Demokrat.az-a açıqlamasında bildirib ki, dünya təcrübəsində yazılı mətbuatı tənzimləyən qurumlar müxtəlifdir:
"Bizdəki Mətbuat Şurası kimi qurumlar əsasən qəzetlərlə ictimaiyyət arasında, şikayətçilərlə qəzetlər arasındakı münasibətləri tənzimləyir. Ombudsman və etik kodekslər kimi, mətbuat şuraları da özünütənzimləmənin bir forması kimi çıxış edir.
Televiziya və radio yayımı isə əsasən dövlət qurumları tərəfindən tənzimlənir, çünki elektron medianın tənzimlənməsi daha mürəkkəb sistemdir. Burada tezliklər, dövlət resursları və milli təhlükəsizlik kimi məsələlər mövcuddur. Ona görə də bu sahənin tənzimlənməsi dövlət qurumları tərəfindən həyata keçirilir.
Bizdə son illərdə yaradılmış Media Agentliyi də dövlət qurumu kimi fəaliyyət göstərir. Yeni medianın yaranması, saytların artması və elektron sistemlə audio-vizual sistemin bir-birinə yaxınlaşması yeni reallıq formalaşdırır.
Ona görə də Audiovizual Şura və Media Agentliyinin birləşməsi ilə bağlı müzakirələrin müəyyən məntiqi əsası var. Ümumilikdə əsas məsələ medianın fəaliyyətinin tənzimlənməsidir. Bu həm saytları, həm internet mediasını, həm də televiziya və radio fəaliyyətini əhatə edir. Bu baxımdan məntiqə zidd bir məqam yoxdur. Belə müzakirələr ortaya çıxırsa, deməli bunun həm hüquqi, həm də ictimai əsası mövcuddur", - deyə o qeyd edib.
Əfsanə Kamal Demokrat.az


