Xırdalanda eyni evdə yaşamağa davam edən keçmiş ər-arvad arasında gecə saatlarında mübahisə baş verib. İddiaya görə, 46 yaşlı kişi keçmiş həyat yoldaşının evə gec gəldiyini irad tutub. Mübahisə fiziki zorakılıqla nəticələnib, daha sonra isə tərəflər məhkəmə prosesində barışıblar.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, Qalubiyyə küçəsində baş verib.
Şəki rayon sakini, 1980-ci il təvəllüdlü Tahir gecə saat 1 radələrində həmin ünvanda yerləşən mağazalar şəbəkələrindən birinin marketinin qarşısında hələ də, eyni ünvanda birlikdə yaşadığı keçmiş arvadı Tamara (adlar şərtidir – red.) ilə mübahisə edib.
Buna səbəb qadının evə gecə saatlarında gəlməsi olub. Bu zaman kişi keçmiş arvadına evə gecə saatlarında gəlməsi ilə bağlı irad bildirib. Həmin səbəbdən onlar arasında şəxsi münasibətlər zəminində yaranmış narazılıqla bağlı mübahisə baş verib. O, həmin mübahisə əsnasında həmin məkanda əsəbiləşərək qadının üzərinə hücum edib, qəsdən əl, yumruq zərbələri ilə onun sifət, baş, nahiyələrinə, habelə təpik zərbələri ilə bel, digər nahiyələrinə ardıcıl vurub.
Faktla bağlı Tahirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Tahir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyini, zərərçəkənin ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirib. Zərərçəkmiş Tamara da ifadəsində Tahirlə barışdığını təsdiqləyib. O, hakimdən Tahirin barəsində olan cinayət işinə xitam verilməsini istəyib.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


