İqtisadi Özəl

Bumeranq effekti: Bakı nefti yenə Kremlin qan damarına çevrilir — ANALİZ

Bumeranq effekti: Bakı nefti yenə Kremlin qan damarına çevrilir — ANALİZ

Ukraynanın Rusiyanın NEZ-lərini(neft emalı kompleksi)sıradan çıxarması neft ixrac edən qonşu ölkələrin qarşısında böyük imkanları açır.

Rusiya yanacaq-energetika kompleksinin sıradan çıxması bu ölkədə ciddi yanacaq çatışmazlığına səbəb olub. Artıq bütün regionlarda ciddi yanacaq problemi yaranıb və sürücülər benzin, dizel almaq üçün yanacaqdoldurma məntəqələrində uzun növbələr yaradıblar.

Zərbələrin əsas hədəfində olan Rusiyanın Avropa hissəsindəki neft emalı komplekslərinin çoxu artıq fəaliyyətini dayandırıb. Başda Tuapse NEZ və bu şəhərdəki neft ixrac terminalı intensiv və dəqiq dron zərbələri nəticəsində bir neçə aydır işləmir. Ölkənin Moskva və Sankt-Peterburq da daxil əksər böyük şəhərlərinin yanacaq təminatında ciddi axsamalar yaranıb.

Müstəqil mənbələrə və beynəlxalq müşahidəçilərə görə, tammiqyaslı hərbi əməliyyatlar başlayandan bəri Ukrayna Rusiyanın illik gücü 1 milyon tondan çox olan 33 əsas neft emalı zavodundan ən azı 24-nə hücum edib.

İlkin neft emalı qurğularının zədələnməsi Rusiyanın Avropa hissəsində yerləşən əksər əsas neft emalı zavodlarının işinə mənfi təsir göstərərək hasilatın dayandırılmasına və ya azalmasına səbəb olub.

Qeyd edəkki, Rusiyada ümumilikdə 80-dən çox neft emalı zavodu var, lakin neft və neft-kimya sənayesinin strukturunu federal əhəmiyyətli təxminən 38 iri və orta müəssisə təşkil edir. Qalanları daha kiçik qurğular və mini emal zavodlarıdır, gücləri isə ildə 1 milyon tondan azdır.

Ən çox zədələnmiş NEZ-lər arasında Ryazan, Saratov, Qara dəniz sahilindəki Tuapse NEZ və Leninqrad vilayətindəki Kiriş neftayırma zavodlarıdır. Bu obyektlərin hər biri ilin əvvəlindən bu yana ən azı 15 dəfə dronlarla vurulub və demək olar ki, fəaliyyətlərini dayandırıblar.

Nizhegorodnefteorgsintez (LUKOIL) - Rusiyanın ən böyük neftemalı zavodlarından biri, 2026-cı ilin may ayında dron hücumlarından sonra əsas ilkin emal bölməsinin bağlandığı bildirildi.

Hələlik Ukrayna ordusunun zərbələrindən yayınmış Rusiyanın cəmi iki NEZ-i var. Bunlar Sibirdəki Omsk və (İrkutsk vilayətindəki) Anqarsk neftayırma zavodlarıdır ki, hər ikisi Uraldan şərqdə, ölkənin dərinliklərində yerləşir və müntəzəm hücumlar zonasından kənarda qalırlar.

Xatırladırıq ki, Rusiya dövlət qurumları qapalı yanacaq-energetika kompleksi obyektlərində zədələnmiş qurğuların dəqiq sayı və onların bərpasının xarakteri ilə bağlı rəsmi məlumatları tam dolğun olaraq ictimaiyyətə təqdim etmirlər və rəsmi rəqəmlər real ziyanı özündə əks etdirmir.

Fakt isə faktlığında qalır: Ukrayna Rusiyanın yanacaq-energetika kompleksinin əsas müəssisələrini sıradan çıxarıb hazırda ölkədə çox ciddi yanacaq problemi var. Yanacaqdoldurma məntəqələrində benzin və dizel yanacağıməhdudiyyətlərlə satılır.

Bundan başqa, Rusiyanın daxili bazarında digər neft məhsullarının çatışmazlığı yaranmaqdadır. Motor və sürtgü yağları, neftdən alınan polietilen, polimer, plastik, sintetik kauçuk, izolyasiya materialları və başqa yüzlərlə adda digər neft-kimya məhsullarının da daxili bazarda qıtlaşması müşahidə olunur və qiymətləri artmaqdadır.

Bütün bu baş verənlərin fonunda, Azərbaycanda yeni və müasir standartlara cavab verəcək, daha böyük həcmdə neft emal edə biləcək yeni istehsal kompleksinin tikilməsi qərarı ən doğru qərardır. Qonşu ölkənin müharibə nəticəsində neft emalı sənayesinin 80% imkanlarını itirməsi SOCAR-ın qarşısında böyük imkanlar açır. Belə ki, yeni Sanqaçal NEZ-in emal etdiyi neft və neft-kimya məhsullarını satmaq üçün böyük bir bazar yaranıb. Rusiyanın ölçülərini, apardığı müharibəni və metallurğiya sənayesinin imkanlarını nəzərə alsaq, bu ölkənin illik neft sənayesi məhsulları və yanacaq tələbatının hansı həcmdə olduğunu təsəvvür etmək o qədər də çətin deyil. Qərbin embarqoları altında olan Rusiya bu minvalla əsas ixrac məhsulu olan neftdən və kimya sənayesi məhsullarından artıq özü asılı olmağa başlayacaq və bu məhsulları ona tədarük edə biləcək gücə malik ölkələr isə regionda Qazaxıstan və Azərbaycandır. Qazaxıstanın yanacaq-energetika kompleksinin imkanlarının əsas olaraq öz daxili bazarını təmin edə biləcək səviyyədə olması yenə də nəzərləri Azərbaycanın üzərinə yönəldir.

İkinci Dünya Müharibəsində Bakı neftinin hesabına qələbə çalan SSRİ vaxtı ilə xalqımızın haqqını vermədi. Amma tarix təkrar olunur. Bu gün isə SSRİ-nin varisi Rusiya, onun hərb maşını, 1941-45-ci illərdə olduğu kimi, bu dəfə apardığı işğalçı müharibədə yenə Azərbaycan, Bakı neftindən asılı vəziyyətə düşür. İndi isə artıq vəziyyət dəyişib, Azərbaycan müstəqil dövlətdir, regional və qlobal siyasətdə vacib bir oyunçuya çevrilib. Dövlət maraqlarına uyğun olaraq öz şərtlərini diqtə edən Bakı artıq özü öz xarici strategiyasını müəyyən edir.

Taleyin ironiyası isə ondan ibarətdir ki, əsrlərdir işğal edib müstəmləkəyə çevirdikləri ölkə və xalqları "parçala, höküm sür!", "milli sərvətlərini talan et!" siyasəti ilə kolonizə edən imperiyalar artıq öz qanlı siyasətlərinin qurbanlarına çevrilməkdədirlər və bir zamanlar müstəqilliklərinə, azadlıqlarına qəsd edib illərdir sömürdükləri xalqların ümidinə qalmaqdadırlar. Şimal qonşumuzun düşdüyü durum bunun bariz nümunəsidir. Həyat bumeranqdır və...

Xatırladırıq ki, uzun illərdir Rusiya ilə müharibə edən Ukraynanı neft və neft məhsulları ilə fasiləsiz təmin edən Azərbaycan çox yaxın vaxtlarda Rusiya üçün də yeganə ümid yerinə çevriləcək. Bu halın ölkəmizə qazandırdacağı iqtisadi rıçaqlar və strateji üstünlüklər isə ayrıca təhlil mövzusudur.

Alparslan Demokrat.az

NE
Nihadə Eyyubova