Qocalma prosesini yavaşlatmaq üçün hansı qidaların faydalı olduğu ilə bağlı araşdırmalar davam edərkən, tanınmış neyroalim və sağlamlıq yazarı Dr. David Cox gündəlik qidalanmasında xüsusi yer verdiyi məhsulu açıqlayıb.
Demokrat.az bildirir ki, mütəxəssisin sözlərinə görə, bəzi giləmeyvələr hüceyrələrin sağlamlığını qorumağa kömək edərək daha uzun müddət sağlam yaşamağa dəstək ola bilər.
Dr. Cox bildirib ki, son illərdə insanların orta ömür uzunluğu artsa da, sağlam keçirdikləri illərin sayı eyni sürətlə yüksəlmir. Onun fikrincə, düzgün qidalanma vərdişləri yaşlı dövrdə həyat keyfiyyətinin qorunmasında mühüm rol oynayır. . Mütəxəssis qeyd edib ki, istənilən yaşda edilən kiçik dəyişikliklər belə müsbət nəticələr verə bilər.
“İstər 20 yaşınız olsun, istərsə də 90, qidalanma rejimində aparılan kiçik düzəlişlər sağlam ömür müddətinin uzanmasına kömək edə bilər”, – deyə Dr. Cox vurğulayıb.
Onun gündəlik istifadə etdiyi əsas qida isə giləmeyvələrdir. Xüsusilə qaragilə və çiyələyin sağlamlıq baxımından önəmli olduğunu bildirən alim bu meyvələrin tərkibində salisilatlar adlanan təbii maddələrin olduğunu qeyd edib.
Dr. Cox-un sözlərinə görə, həmin maddələr yaşlanma ilə əlaqəli zədələnmiş hüceyrələrin orqanizmdən uzaqlaşdırılmasına yardım edə bilər. Alim bu hüceyrələrin zamanla yığılmasının müxtəlif xəstəliklərin yaranma riskini artırdığını bildirib.
Mütəxəssis izah edib ki, insan hüceyrələri qidaları enerjiyə çevirərkən müəyyən əlavə məhsullar da əmələ gətirir. Yaş artdıqca orqanizmin artıq funksiyasını itirmiş hüceyrələri təmizləmək qabiliyyəti zəifləyə bilər və nəticədə “qocalmış hüceyrələr” toplanmağa başlayır.
Dr. Cox-un fikrincə, müasir qidalanmanın əsas problemlərindən biri də lif çatışmazlığıdır. O bildirib ki, emal olunmuş məhsulların həddindən artıq istehlakı və meyvə-tərəvəzin az yeyilməsi orqanizmdə metabolik stressin artmasına səbəb ola bilər.
“Bir çox insan gün ərzində fasiləsiz qidalanır. Bu isə orqanizmin bərpa olunması üçün lazım olan vaxtı azaldır”, – deyə alim qeyd edib.
Ekspert hesab edir ki, balanslaşdırılmış qidalanma, kifayət qədər lif qəbulu və təbii məhsulların gündəlik rasionda artırılması qocalma prosesinin sürətini azaltmağa və sağlam həyat müddətini uzatmağa kömək edə bilər.
İsmayıl Demokrat.az


