Sağlamlıq Özəl

Dırnaqlar orqanizmdəki “səssiz qatil”i üzə çıxara bilər: nələrə diqqət yetirmək lazımdır

Dırnaqlar orqanizmdəki “səssiz qatil”i üzə çıxara bilər: nələrə diqqət yetirmək lazımdır

Yüksək xolesterin çox vaxt “səssiz qatil” adlandırılır, çünki illərlə heç bir əlamət vermədən inkişaf edə bilər. Bununla belə, mütəxəssislər xəbərdarlıq edirlər ki, dırnaqlarda müşahidə olunan bəzi dəyişikliklər qan dövranı pozğunluqlarına işarə edə və xolesterin səviyyəsinin yoxlanılması üçün səbəb yarada bilər.

Demokrat.az xəbər verir ki, bu barədə "Egeszsegkalauz" portalı yazır.

Mütəxəssislərin sözlərinə görə, dırnaqların vəziyyəti bəzən qan damarlarında baş verən dəyişiklikləri əks etdirir. Belə əlamətlər yüksək xolesterinin birbaşa sübutu olmasa da, tibbi müayinəyə ehtiyac olduğunu göstərə bilər.

Həkimlər dırnaqların altında görünən nazik tünd və ya qırmızı-qəhvəyi zolaqlara diqqət yetirməyi tövsiyə edirlər. “Splinter hemorrhage” (qəlpəvari qanaxma) adlandırılan bu izlər sanki dırnaq altına nazik qəlpə və ya zolaq batmış kimi görünür.

Mümkün xəbərdaredici əlamətlər arasında aşağıdakılar da qeyd olunur:

* dırnaqların kövrəkləşməsi; * dırnaq böyüməsinin ləngiməsi; * rəng dəyişiklikləri; * dırnaq lövhəsinin strukturunun pisləşməsi.

Bu dəyişikliklər damar problemləri nəticəsində toxumaların kifayət qədər qanla təmin olunmaması ilə əlaqəli ola bilər.

Xolesterinin yüksək olması niyə təhlükəlidir?

Xolesterin hüceyrələrin normal fəaliyyəti və hormonların sintezi üçün vacibdir. Lakin “pis” xolesterinin (LDL) normadan artıq olması damar divarlarında yağlı lövhələrin yaranmasına səbəb olur.

Vaxt keçdikcə bu proses arteriyaların daralmasına gətirib çıxarır və infarkt, insult, eləcə də digər ürək-damar xəstəlikləri riskini artırır.

Əsas təhlükə ondadır ki, yüksək xolesterin səviyyəsi adətən nəzərəçarpan simptomlar yaratmır və insan uzun illər bu problemdən xəbərsiz qala bilər.

Təkcə dırnaqlar deyil: daha hansı əlamətlərə diqqət yetirmək lazımdır?

Həkimlərin fikrincə, lipid mübadiləsinin pozulmasına işarə edən digər əlamətlər də mövcuddur.

Məsələn, göz qapaqlarında bəzən “ksantelazma” adlanan sarımtıl yağ yığıntıları əmələ gəlir. Bu törəmələr özlüyündə təhlükəli olmasa da, yüksək xolesterinlə əlaqəli ola bilər.

Bundan başqa, aşağıdakı əlamətlərə də diqqət yetirmək tövsiyə olunur:

* ayaqların daim soyuq olması; * ətraflarda keyimə hissi; * yeriyərkən baldırlarda ağrı və ya qıcolmalar; * ayaqlarda tez yorğunluq.

Bu simptomlar arteriyaların daralması nəticəsində qan dövranının zəiflədiyini göstərə bilər.

Mütəxəssislər vurğulayırlar ki, yüksək xolesterin yalnız artıq çəkili insanlarda müşahidə olunmur.

Göstəricilərə irsiyyət, həyat tərzi, qidalanma və genetik xüsusiyyətlər təsir göstərə bilər. Ən təhlükəli hallardan biri ailəvi hiperxolesterinemiya hesab olunur. Bu irsi xəstəlik nəticəsində “pis” xolesterinin yüksək səviyyəsi hətta gənc yaşlarda da inkişaf edə bilər.

Xolesterin səviyyəsini necə nəzarətdə saxlamaq olar?

Həkimlər bildirirlər ki, dırnaqlardakı dəyişikliklər laborator diaqnostikanı əvəz edə bilməz.

Problemin aşkarlanmasının ən etibarlı yolu qan analizidir. Xüsusilə 40 yaşdan yuxarı şəxslərə, siqaret çəkənlərə, diabet və yüksək təzyiq xəstələrinə, eləcə də ailəsində ürək-damar xəstəlikləri olan insanlara xolesterin səviyyəsini mütəmadi yoxlatdırmaq tövsiyə edilir.

Mütəxəssislər həmçinin fiziki aktivliyi qorumağı, bədən çəkisini nəzarətdə saxlamağı, siqaretdən imtina etməyi və tərəvəz, meyvə, paxlalılar, eləcə də tam taxıl məhsulları ilə zəngin qidalanma rejiminə riayət etməyi məsləhət görürlər.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova