Son dövrlər ictimai iaşə sektorunda istehlakçıların diqqətini çəkən maraqlı tendensiya müşahidə olunur. Bir çox restoran, kafe və fast-food məntəqələrində yeməklərin qiyməti əvvəlki səviyyədə qalsa da, porsiyaların həcminin azaldığı ilə bağlı şikayətlər artır. Xüsusilə dönər, burger, sendviç və digər sürətli qida məhsullarında istifadə olunan ət, çörək və əlavə inqrediyentlərin miqdarının əvvəlki illərlə müqayisədə azaldığı bildirilir. İstehlakçılar hesab edirlər ki, qiymətlərin sabit saxlanılması fonunda porsiyaların kiçildilməsi faktiki olaraq gizli qiymət artımı deməkdir.
Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Demokrat.az-a açıqlamasında bildirib ki, ictimai iaşə sahəsində qiymətlərin və porsiyaların müəyyənləşdirilməsi əsasən sahibkarların qərarından asılıdır və bu istiqamətdə dövlət tərəfindən birbaşa tənzimləmə həyata keçirilmir.
Onun sözlərinə görə, əsas tələb istehlakçıya təqdim olunan məhsulun təhlükəsiz və keyfiyyətli olması, həmçinin menyuda göstərilən göstəricilərin reallığa uyğun gəlməsidir.
"Əsas tələb ondan ibarətdir ki, təqdim olunan qida sağlam olsun və menyuda göstərilən çəki ilə faktiki çəki arasında uyğunsuzluq yaranmasın. Bunun xaricində isə kafelər və restoranlar qiymətlərin müəyyənləşdirilməsi və porsiyaların formalaşdırılması məsələsində sərbəstdirlər. Bu səbəbdən onlara hər hansı normativ-hüquqi məhdudiyyət tətbiq etmək mümkün deyil".
Ekspert qeyd edib ki, son aylarda ərzaq məhsullarının qiymətində müşahidə olunan artımlar ictimai iaşə obyektlərinin fəaliyyət xərclərinə də təsir göstərir. Bu səbəbdən bəzi müəssisələr qiymətləri birbaşa artırmaq əvəzinə alternativ üsullara üstünlük verirlər. Həmçinin oxu: Təmizlik suyuna 1 qaşıq əlavə edirsən, mebellər 1 həftə toz tutmur Pendirin bu növünü satanlar yüksək məbləğdə cərimələnir Kondisioneri əvəz edən dibçək bitkiləri
"Ümumi ərzaq bahalaşması fonunda obyektlər qiymətləri birbaşa artırmaq əvəzinə, bəzən porsiyaların həcmini azaltmağa üstünlük verirlər. Çünki insanların alıcılıq qabiliyyəti artıq əvvəlki səviyyədə deyil. Müştərilər qiymət artımına daha həssas reaksiya verirlər və bu da sahibkarları fərqli həll yolları axtarmağa vadar edir".Natiq Cəfərlinin sözlərinə görə, porsiyanın kiçildilməsi əslində məhsulun faktiki qiymətinin artırılması anlamına gəlir.
"Beləliklə, onlar qiyməti rəsmi olaraq dəyişmədən, faktiki olaraq məhsulun dəyərini artırmış olurlar və bu yolla fəaliyyətlərini davam etdirməyə çalışırlar. İstehlakçı əvvəlki qiyməti ödəsə də, aldığı məhsulun miqdarı azaldığı üçün nəticədə daha yüksək xərcə məruz qalmış olur".
Ekspert hesab edir ki, bu proses təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində müşahidə olunan iqtisadi tendensiyalardan biridir. Beynəlxalq iqtisadiyyatda bu hal bəzən məhsulun ölçüsünün kiçildilməsi hesabına qiymətin formal olaraq dəyişməməsi kimi xarakterizə olunur.
"Əslində ərzaq məhsullarının qiyməti artırsa, həmin məhsullardan hazırlanan yeməklərin də bahalaşması təbii prosesdir. Bu, iqtisadi baxımdan qaçılmaz nəticədir. Sahibkarlar artan xərcləri kompensasiya etmək üçün ya qiyməti artırmalı, ya da məhsulun həcmini azaltmalıdırlar".
Mütəxəssislərin fikrincə, istehlakçılar sifariş etdikləri məhsulların çəkisinə və tərkibinə diqqət yetirməli, menyuda göstərilən məlumatlarla faktiki təqdim olunan məhsul arasında uyğunsuzluq aşkar etdikdə aidiyyəti qurumlara müraciət etməlidirlər. Qanunvericiliyə görə, menyuda göstərilən çəki və məhsul tərkibi ilə təqdim olunan qida arasında fərq olmamalıdır.
Görünür, ərzaq bazarında qiymət artımlarının davam etməsi halında ictimai iaşə sektorunda da oxşar tendensiyanın bir müddət daha davam etməsi mümkündür.
Leyla Turan Demokrat.az


