Sosial

Köhnə maşınlarla bağlı sürücülərə xəbərdarlıq edildi

Köhnə maşınlarla bağlı sürücülərə xəbərdarlıq edildi

Muğanlı–İsmayıllı avtomobil yolunun 8-ci kilometrliyində iyunun 10-u səhər saat 9 radələrində qeydə alınan yol-nəqliyyat hadisəsi köhnə avtomobillərin yaratdığı təhlükəni yenidən gündəmə gətirib. Belə ki, 1994-cü il istehsalı olan "Mitsubishi" markalı yük avtomobilinin aşması texniki baxımdan yararsız nəqliyyat vasitələrinin yollarda hərəkətinin ciddi fəsadlara yol açdığını sübut edir.

Demokrat.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi baş verən qəza ilə bağlı məlumat yayıb.

Qurum bəyan edib ki, istismar müddəti keçmiş avtomobillərin saz vəziyyətdə saxlanılması ilbəil çətinləşir. Bir çox hallarda istehsaldan çıxarılan modellərin ehtiyat hissələri tapılmadığı üçün onların texniki təhlükəsizliyini təmin etmək qeyri-mümkün olur və bu hal birbaşa yol hərəkəti təhlükəsizliyinə mənfi təsir göstərir.

İdarə xüsusilə dağlıq və mürəkkəb relyefli yollarda yaranan texniki nasazlıqların daha ağır nəticələrə səbəb olduğunu diqqətə çatdırıb. Sərt döngələrdə və enişli-yoxuşlu yollarda baş verən nasazlıqlar sadə yol şəraiti ilə müqayisədə ağırlıq dərəcəsi daha yüksək olan qəzalara zəmin yaradır. Standartlara cavab verməyən nəqliyyat vasitələri həm sürücü və sərnişinlər, həm də digər hərəkət iştirakçıları üçün real təhlükə mənbəyidir. BDYPİ avtomobil sahiblərini məsuliyyətli olmağa, nasazlıqları vaxtında aradan qaldırmağa və riskli nəqliyyat vasitələri ilə yola çıxmamağa çağırıb.

Demokrat.az

NE
Nihadə Eyyubova