Yay mövsümünün ən çox tələb olunan meyvələrindən hesab edilən alçanın qiyməti bu il də istehlakçıları təəccübləndirməyə davam edir. Bazarlarda və satış məntəqələrində alça hazırda 7 manatdan başlayan qiymətlərlə təklif olunur. Adətən mövsüm irəlilədikcə qiymətlərdə müəyyən ucuzlaşma müşahidə edilsə də, bu il fərqli mənzərə yaranıb. İstehlakçılar qiymətlərin niyə yüksək qaldığını və yaxın həftələrdə ucuzlaşmanın mümkün olub-olmadığını müzakirə edirlər.
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Demokrat.az-a açıqlamasında bildirib ki, qiymət artımının əsas səbəbi bu il müşahidə olunan əlverişsiz hava şəraitidir.

Onun sözlərinə görə, son aylarda qeyri-sabit hava şəraiti kənd təsərrüfatı məhsullarının istehsalına mənfi təsir göstərib və bir sıra meyvə növlərində məhsuldarlığın azalmasına səbəb olub.
"Son dövrlərdə havanın əlverişsiz keçməsi kənd təsərrüfatında məhsuldarlığa birbaşa təsir göstərib və nəticədə ümumi istehsal həcmi azalıb. Bildiyimiz kimi, təbii amillər xüsusilə əkinçilik və məhsul yığımı dövrlərində çox böyük rol oynayır. Havanın normadan fərqli keçməsi məhsulun keyfiyyətinə və miqdarına təsir edir".
İqtisadçı qeyd edib ki, bazar iqtisadiyyatının əsas qanunlarından biri olan tələb-təklif balansı bu məsələdə də özünü göstərir. Məhsulun azalması bazara çıxarılan həcmlərin aşağı düşməsinə, bu isə qiymətlərin yüksəlməsinə gətirib çıxarır.
"Məhsuldarlıq azaldıqda bazarda təklif də aşağı düşür və bu, qiymətlərin artmasına səbəb olur. Yəni məhsul az olduqca bazarda balans pozulur və nəticədə qiymətlər yüksəlir. Bu, iqtisadi baxımdan tamamilə gözlənilən və məntiqli prosesdir".
Natiq Cəfərli hesab edir ki, hazırkı qiymət artımını süni amillərlə və ya bazardakı digər ciddi problemlərlə əlaqələndirmək üçün əsas yoxdur.
"Məncə, burada əlavə və ya daha ciddi başqa bir problem yoxdur. Əsas səbəb kimi məhz hava şəraiti və bunun yaratdığı məhsul itkisi göstərilə bilər. Kənd təsərrüfatı məhsulları təbii şəraitdən birbaşa asılı olduğu üçün belə hallarda qiymət dəyişiklikləri qaçılmaz olur".
Ekspertin sözlərinə görə, problem yalnız alça ilə məhdudlaşmır. Bu il bir sıra kənd təsərrüfatı məhsullarında məhsuldarlığın azalması müşahidə edilir ki, bu da bazarda qiymətlərə təsirsiz ötüşmür.
"Ümumilikdə hazırkı vəziyyətdə kənd təsərrüfatı məhsullarında kifayət qədər nəzərəçarpan azalma müşahidə olunur və bu da bazara birbaşa təsir edir. Təklifin azalması fonunda qiymətlərin müəyyən müddət yüksək qalması normal iqtisadi proses hesab edilə bilər".
Beləliklə, bazarda alçanın qiymətinin yüksək qalmasının əsas səbəbi istehsalın azalması və hava şəraitinin kənd təsərrüfatına mənfi təsiri ilə əlaqələndirilir. Təklifin məhdud olması isə qiymətlərin hələ bir müddət yüksək səviyyədə qalmasına səbəb ola bilər.
Əfsanə Kamal Demokrat.az


