Əhəng çöküntüsü kranlarda və hamam otağındakı digər səthlərdə qaçılmaz şəkildə əmələ gəlir. Bu problem hətta ən səliqəli evlərdə də müşahidə olunur, çünki əsas səbəb sərt sudur.
Demokrat.az xəbər verir ki, bu buxarlandıqdan sonra onun tərkibindəki maqnezium və kalsium santexnika üzərində qalaraq çöküntü yaradır.
Xoşbəxtlikdən, bu mineral qalıqlarını böyük zəhmət çəkmədən və qısa müddətdə təmizləmək mümkündür. Bunun üçün aqressiv kimyəvi vasitələrdən istifadə etmək də vacib deyil. Təcrübəli təmizlik mütəxəssisləri köhnə əhəng çöküntüsünü xalq üsulları ilə necə aradan qaldırmağı yaxşı bilirlər.
Əhəng çöküntüsünü ən yaxşı nə həll edir?
Kran, borular, duş başlığı, duş kabinası, unitaz və digər səthlərdəki mineral çöküntüləri təmizləmək üçün məşhur mətbəx vasitəsindən istifadə edə bilərsiniz. Bu vasitə limon turşusudur.
Limon turşusu əhəng çöküntüsünü demək olar ki, tamamilə aradan qaldırmağa kömək edir. O, santexnikaya parlaqlıq verməklə yanaşı, bakteriyaları da məhv edir və xoş qoxu yaradır.
Bunun səbəbi odur ki, çöküntülərin əsas hissəsi kalsium karbonatdan ibarətdir. Turşu bu maddə ilə reaksiyaya girərək onu bir neçə dəqiqə ərzində həll edir. Daha sonra səthi sadəcə yumşaq süngərlə silmək kifayətdir.
Bəzi insanlar əhəng çöküntüsünü təmizləmək üçün sirkə və ya soda istifadə etməyə çalışırlar. Lakin sirkənin əsas mənfi cəhəti onun kəskin qoxusudur. Soda isə qələvi maddə olduğundan mineralları limon turşusu qədər effektiv həll etmir. Üstəlik, santexnika üzərində cızıqlar yarada bilər.
Hamam otağında əhəng çöküntüsünü necə tez təmizləmək olar?
Məhlul hazırlamaq üçün bir xörək qaşığı limon turşusunu 500 millilitr ilıq suda həll edin. Əgər çöküntü çox qalındırsa, limon turşusunun miqdarını iki qaşığa qədər artırmaq olar.
Köhnə əhəng çöküntüsünü təmizləməzdən əvvəl santexnika səthini adi nəm parça ilə silin. Daha sonra hazırlanmış məhlulu səthə püskürtmək olar.
Mayenin axıb getməməsi üçün salfetləri məhlulda isladaraq kranın üzərinə yerləşdirin. Təxminən 5 dəqiqə gözləyin ki, turşu çöküntünü həll etsin. Sonra səthi yumşaq süngərlə silin və təmiz su ilə yuyun.
Əgər çöküntü çox köhnə və qalındırsa, məsələn unitazda əmələ gəlibsə, daha qatı məhlul hazırlamaq məsləhətdir. Bu halda islatma müddətini 5–8 saata qədər artırın, daha sonra çöküntünü fırça ilə təmizləyin. Zərurət yaranarsa, proseduru təkrarlayın.
Jalə Demokrat.az


