Böyük Britaniya kral ailəsində yeni mübahisəli qərar gündəmi zəbt edib.
Demokrat.az xəbər verir ki, Kral III Çarlzın yaxın ailə üzvlərinə məxsus daşınmaz əmlak siyasətini yenidən nəzərdən keçirməsindən sonra, Şahzadə Beatris və Şahzadə Yevgeniya da evlərini tərk etməli ola bilər.
Məlumata görə, kralın qardaşı, adı qalmaqallarla hallanan Şahzadə Endryunun bütün titullarının və imtiyazlarının ləğv edilməsindən sonra, növbə onun qızlarına çatıb. Şahzadə Beatris və Şahzadə Yevgeniya illərdir kral ailəsinə məxsus mülklərdə kirayə ödəmədən yaşayırdılar.
İddialara görə, III Çarlz saray mülklərinin daha səmərəli istifadəsi və gəlir gətirməsi üçün yeni plan hazırlayıb. Bu plan çərçivəsində ailənin geniş üzvlərinin “pulsuz yaşayış imtiyazı” mərhələli şəkildə ləğv edilir.
Saray mənbələri bildirir ki, hər iki şahzadəyə əvvəlcədən xəbərdarlıq edilib və onların bu mülklərdə daimi qalmasının mümkün olmadığı rəsmi şəkildə çatdırılıb. Qərarın məqsədinin isə şəxsi cəza deyil, idarəetmə və maliyyə optimallaşdırması olduğu vurğulanır.
Məlumatlara görə, Beatrisenin yaşadığı ev gələcəkdə ofis kimi istifadə oluna bilər, Yevgeniya və ailəsinin yaşadığı mülk isə ya kirayəyə veriləcək, ya da yüksək rütbəli saray əməkdaşına ayrılacaq.
Qeyd olunur ki, hər iki şahzadə artıq alternativ yaşayış planlarına malikdir və onların müxtəlif ölkələrdə və fərqli mülklərdə evləri mövcuddur.
Kral ailəsində baş verən bu dəyişikliklər, monarxiyanın “xüsusi imtiyazlar dövrünü” mərhələli şəkildə azaltmaq istiqamətində atılan daha geniş islahatların tərkib hissəsi kimi qiymətləndirilir.
Jalə Demokrat.az


