Sosial media Özəl

Tik-tokerlərin ətrafındakı süni izdiham və acı gerçəklər...

Tik-tokerlərin ətrafındakı süni izdiham və acı gerçəklər...

Son illər sosial şəbəkələrin təsiri ilə bəzi tiktokerlər və internet fenomenləri cəmiyyətin diqqət mərkəzinə çevrilib. Xüsusilə Kəmalə Günəşli, Vəlizar kimi şəxslərlə şəkil çəkdirmək, onları yaxından görmək üçün insanların böyük maraq göstərməsi tez-tez müzakirə olunur. Bəzən ictimai yerlərdə bu şəxslərin ətrafında izdiham yaranır, insanlar onlarla bir şəkil üçün saatlarla gözləyirlər. Bu vəziyyət bir çoxlarında “niyə cəmiyyət daha faydalı insanlardan çox sosial media fenomenlərinə maraq göstərir?” sualını yaradır.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə Demokrat.az-a açıqlamasında bildirib ki, sosial şəbəkələr müasir dövrün ən böyük yeniliklərindən biridir və artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib:

“Bu gün demək olar ki, hər bir insan ya sosial şəbəkələrin birbaşa iştirakçısıdır, ya da onları izləyən tamaşaçı mövqeyində çıxış edir. İnsanlar müxtəlif məqsədlərlə sosial platformalardan istifadə edirlər. Kimisi məlumat almaq, kimisi gündəmi izləmək, kimisi isə fikirlərini bölüşmək üçün bu vasitələrə üz tutur. Mən özüm də sosial şəbəkələrdən istifadə edirəm və əsasən siyasət, elmi-texniki yeniliklər, həmçinin tarix mövzuları ilə maraqlanıram. Xüsusilə dünyada baş verən yenilikləri operativ şəkildə izləmək baxımından sosial şəbəkələrin böyük rolu var”.

O deyib ki, sosial şəbəkələrin mühüm üstünlükləri var:

“Burada hər bir insana öz fikrini ifadə etmək, mövqeyini bildirmək və cəmiyyətlə paylaşmaq imkanı yaradılır. Bu platformalar insanlar arasında informasiya mübadiləsini sürətləndirir, fərqli baxışların ortaya çıxmasına şərait yaradır. Təbii ki, sosial şəbəkələrdən istifadə zamanı müəyyən etik qaydalara və qarşılıqlı hörmət prinsipinə əməl olunması da vacib məsələlərdən biridir. Kimin kimlə şəkil çəkdirməsi məsələsinə gəldikdə isə, bu artıq hər bir insanın şəxsi seçimi və zövq məsələsidir. İnsanların fərdi münasibətləri, ünsiyyət dairəsi və seçimləri müxtəlif ola bilər. Buna görə də kiminsə şəkil paylaşması və ya hansısa şəxslə birlikdə görüntü verməsi fərdi qərar kimi qiymətləndirilməlidir”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova