Müasir simsiz qulaqlıqlar getdikcə daha çox yalnız aktiv səsboğma (ANC) deyil, həm də şəffaflıq rejimi (Transparency Mode) təklif edir.
Müasir simsiz qulaqlıqlar getdikcə daha çox yalnız aktiv səsboğma (ANC) deyil, həm də şəffaflıq rejimi (Transparency Mode) təklif edir. Hər iki texnologiya daxili mikrofonlardan istifadə edir, lakin onların işləmə prinsipi tamamilə fərqlidir. Bəs hansı rejim daha yaxşı səs keyfiyyəti təmin edir?
Demokrat.az xəbər verir ki, bu suala BGR nəşrinin ekspertləri cavab veriblər.
Aktiv səsboğma necə işləyir?
Aktiv səsboğma sistemi ətraf mühitdəki səsləri daxili mikrofonlar vasitəsilə analiz edir. Daha sonra qulaqlıqlar həmin səslərin əks fazalı siqnalını yaradır və beləliklə, xarici səs-küyü neytrallaşdırır.
Nəticədə istifadəçi daha sakit fon əldə edir və musiqiyə, podkastlara və ya digər audio məzmuna daha rahat fokuslana bilir.
ANC texnologiyasının əsas üstünlüyü diqqəti yayındıran amillərdən uzaq, daha təmiz səs mühiti yaratmasıdır. Bu sayədə musiqinin incə detallarını daha yaxşı eşitmək mümkün olur və səs səviyyəsini artırmağa ehtiyac qalmır. Xüsusilə təyyarələrdə, qatarlarda, ofislərdə və digər səs-küylü məkanlarda bu effekt daha aydın hiss edilir.
Lakin texnologiya ideal deyil. Büdcə seqmentinə aid bəzi modellərdə aktiv səsboğma tezlik balansına, xüsusilə aşağı tezliklərə təsir göstərə bilər. Bu isə səsin daha az təbii eşidilməsinə səbəb olur. Premium modellərdə isə inkişaf etmiş emal alqoritmləri sayəsində bu problem adətən minimum səviyyəyə endirilir.
Şəffaflıq rejimi nə edir?
Şəffaflıq rejimi əks prinsiplə işləyir. Xarici səsləri boğmaq əvəzinə, qulaqlıqlar həmin səsləri mikrofonlar vasitəsilə istifadəçiyə ötürür.
Bu funksiya nəqliyyatda elanları eşitməyə, iş yoldaşlarının söhbətlərini və ya küçə hərəkətinin səslərini qulaqlıqları çıxarmadan dinləməyə imkan verir. Şəhərdə gəzərkən və ya hərəkət zamanı bu xüsusilə faydalı hesab olunur.
Musiqi dinləmə baxımından isə şəffaflıq rejiminin öz xüsusiyyətləri var. Çünki musiqi ilə yanaşı xarici səslər də daim eşidilir və bu, bəzi hallarda diqqəti yayındıra, səsin təmizliyi hissini azalda bilər.
Bununla belə, bəzi istifadəçilər şəffaflıq rejiminin daha geniş və təbii səs səhnəsi yaratdığını bildirirlər.
Hansı rejimi seçmək lazımdır?
Ekspertlərin fikrincə, bu məsələdə universal qalib yoxdur.
Əgər əsas məqsəd diqqəti yayındıran amillər olmadan maksimum təmiz və detallı səs əldə etməkdirsə, aktiv səsboğma adətən daha yaxşı seçim hesab olunur.
Əgər ətrafda baş verənləri eşitmək və mühit üzərində nəzarəti qorumaq vacibdirsə, şəffaflıq rejimindən istifadə etmək məqsədəuyğundur.
Nəticə etibarilə ən uyğun seçim konkret qulaqlıq modelindən və şəxsi üstünlüklərdən asılıdır. Mütəxəssislər hər iki rejimi sınaqdan keçirməyi və sizin üçün ən rahat dinləmə təcrübəsini təmin edən variantı seçməyi tövsiyə edirlər.
Jalə Demokrat.az


