Avto Özəl

Maşın bazarındakı durğunluğun səbəbi açıqlandı

Maşın bazarındakı durğunluğun səbəbi açıqlandı

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycana idxal olunan avtomobillərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə kəskin azalma qeydə alınıb. Rəsmi statistikaya əsasən, bu ilin ilk dörd ayı ərzində ölkəyə cəmi 21.120 ədəd avtomobil gətirilib. Xüsusilə minik avtomobillərinin idxalındakı azalma diqqət çəkir. Belə ki, 2025-ci ilin ilk 4 ayında ölkəyə 30.824 minik avtomobili idxal edildiyi halda, 2026-cı ilin eyni dövründə bu rəqəm 18.287-yə düşüb. Bu isə minik avtomobillərinin idxalında 12.537 ədəd, yəni 40,7% kəskin azalma deməkdir.

Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a bildirib ki, bu il ölkəyə idxal olunan avtomobillərin sayının azalacağı hələ ötən ildən proqnozlaşdırılırdı:

“Bunun əsas səbəblərindən biri odur ki, bu ilin yanvarın 1-dən etibarən hibrid və elektromobillərə tətbiq olunan gömrük və vergi güzəştlərinin müddəti başa çatıb. Güzəştlərin ləğv olunması nəticəsində həmin nəqliyyat vasitələrinin idxalı zamanı əlavə dəyər vergisi və digər ödənişlər tətbiq edilir ki, bu da avtomobillərin qiymətinin artmasına səbəb olur. Təbii ki, qiymət artımı belə avtomobillərin ölkəyə gətirilməsini müəyyən qədər çətinləşdirir və bazardakı aktivliyə təsir göstərir”.

O deyib ki, Azərbaycana idxal olunan köhnə avtomobillərlə bağlı da məhdudiyyətlər tətbiq edilib:

“Belə ki, yaşı 10 ildən çox olan avtomobillərin ölkəyə idxalına icazə verilmir. Bununla yanaşı, yaşı 7 ildən çox olan avtomobillər üzrə mühərrik həcminə görə tətbiq edilən aksiz vergisi dərəcələri də artırılıb. Məhz bu üç əsas amil hibrid və elektromobillər üzrə güzəştlərin başa çatması, köhnə avtomobillərin idxalına qoyulan məhdudiyyətlər və aksiz vergilərinin artırılması hazırda ölkəyə avtomobil idxalının azalmasına səbəb olan əsas faktorlar hesab olunur”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova