Siyasət

Yaxın Şərqdə Fırtına: Pakistan Böyük Müharibənin Qarşısını Ala Biləcəkmi?

Yaxın Şərqdə Fırtına: Pakistan Böyük Müharibənin Qarşısını Ala Biləcəkmi?

Yaxın Şərq yenidən tarixin ən təhlükəli geosiyasi mərhələlərindən birini yaşayır. Hörmüz boğazının suları üzərində dolaşan hərbi təyyarələr, gecə səmasını yararaq keçən raketlər və region paytaxtlarında fasiləsiz səslənən hava həyəcan siqnalları artıq təkcə regional deyil, qlobal təhlükəsizlik sisteminin də sarsıldığını göstərir. ABŞ və İran arasında son aylarda sürətlə dərinləşən qarşıdurma beynəlxalq ictimaiyyəti yeni genişmiqyaslı müharibə ehtimalı ilə üz-üzə qoyub.

Son günlərdə baş verən hadisələr gərginliyin hansı həddə çatdığını açıq şəkildə nümayiş etdirir. ABŞ qüvvələrinin İranın cənub sahillərində yerləşən radar və hava hücumundan müdafiə obyektlərinə zərbələr endirməsi, ardınca İran tərəfindən Körfəz regionundakı ABŞ bazalarına raket və pilotsuz uçuş aparatı (PUA) hücumlarının həyata keçirilməsi vəziyyəti daha da mürəkkəbləşdirib. Küveyt, Bəhreyn və İordaniyada hava həyəcan siqnallarının verilməsi regionda müharibə qorxusunu yenidən gündəmə gətirib. Hörmüz boğazı ətrafında artan hərbi aktivlik isə dünya iqtisadiyyatı üçün ayrıca təhlükə mənbəyidir. Neft daşımalarının böyük hissəsinin keçdiyi bu strateji marşrutda baş verən hər hansı insident enerji bazarlarında dərhal ciddi dalğalanma yaradır. Son həftələrdə neft qiymətlərinin artması və beynəlxalq sığorta tariflərinin kəskin yüksəlməsi qlobal bazarların vəziyyətə necə həssas yanaşdığını göstərir.

Belə bir mürəkkəb və təhlükəli atmosferdə Pakistanın diplomatik fəaliyyəti xüsusi diqqət çəkir. İslamabad bu böhranda nə hərbi ritorikanın, nə də geosiyasi qütbləşmənin tərəfdarı kimi çıxış edir. Əksinə, Pakistan regionda dialoq üçün son körpülərdən birini qorumağa çalışan dövlət obrazı formalaşdırır. Bu gün Pakistan həm Vaşinqton, həm Tehran, həm də Körfəz ölkələri ilə münasibətlərini balanslı şəkildə saxlaya bilən nadir regional aktorlardan biridir.

Pakistanın Baş naziri Şahbaz Şərif (Shehbaz Sharif) son çıxışlarından birində tərəfləri “müdriklik, səbir və diplomatiya yolunu seçməyə” çağıraraq vurğulayıb ki, region yeni müharibəni deyil, iqtisadi sabitliyi və əməkdaşlığı gözləyir. O bildirib ki, “silahların danışdığı yerdə xalqlar susmağa məcbur olur” və Yaxın Şərqin artıq yeni humanitar fəlakətə tab gətirmək gücü yoxdur.

İslamabadın vasitəçilik missiyası artıq praktiki diplomatik addımlarla müşayiət olunur. Son aylarda Pakistanın yüksək səviyyəli nümayəndə heyətlərinin Tehrana bir neçə dəfə səfər etməsi bunun göstəricisidir. Pakistanın daxili işlər naziri Möhsin Nəqvinin (Mohsin Naqvi) İran Prezidenti Məsud Pezeşkian, xarici işlər naziri Abbas Əraqçi və digər yüksək vəzifəli şəxslərlə keçirdiyi görüşlər zamanı Vaşinqton və Tehran arasında mesaj mübadiləsinin aparıldığı bildirilir.

Bununla yanaşı, Pakistan Ordusunun komandanı, ordu generalı Asim Munir də Tehrana mühüm səfər həyata keçirərək İran rəhbərliyi ilə geniş təhlükəsizlik və diplomatik müzakirələr aparıb. Beynəlxalq müşahidəçilər bu görüşləri regionda eskalasiyanın qarşısını almaq istiqamətində mühüm addım kimi qiymətləndirirlər.

Əslində Pakistanın bu rolu təsadüfi deyil. Tarix boyu böyük güclərin toqquşduğu coğrafiyada yerləşən Pakistan diplomatiyası mürəkkəb balans siyasəti yürütmək məcburiyyətində qalıb. Bu gün isə dəyişən beynəlxalq münasibətlər sistemində İslamabad özünü təkcə təhlükəsizlik aktoru deyil, həm də siyasi dialoq platforması kimi təqdim etməyə çalışır.

Bəzi analitiklər artıq Pakistanın həyata keçirdiyi siyasəti “səssiz diplomatiya” adlandırırlar. Çünki İslamabad sərt bəyanatlardan daha çox qapalı diplomatik kanallara üstünlük verir. Məhz bu yanaşma nəticəsində 2026-cı ilın aprel ayında ABŞ və İran nümayəndələrinin uzun illərdən sonra ilk dəfə İslamabadda dolayı danışıqlara başlaması mümkün olmuşdu.

Pakistanın əsas mesajı isə aydındır: Yaxın Şərq yeni dağıdıcı müharibəyə deyil, iqtisadi inteqrasiyaya və sabitliyə ehtiyac duyur. Çünki regionda genişmiqyaslı müharibə yalnız İran və ABŞ üçün deyil, bütün müsəlman dünyası, enerji bazarları və beynəlxalq iqtisadi sistem üçün ağır nəticələr doğura bilər.

Bu gün Körfəzdə əsən sərt küləklər təkcə neft tankerlərini deyil, beynəlxalq siyasətin istiqamətini də dəyişir. Belə bir zamanda dialoq üçün açıq qalan hər bir diplomatik qapı xüsusi əhəmiyyət daşıyır. Pakistan isə məhz həmin qapını bağlamamağa çalışan azsaylı dövlətlərdən biri kimi diqqət çəkir.

Müasir dünyanın ən böyük ehtiyacı yeni müharibələr deyil, etimad yarada bilən diplomatiyadır. Pakistanın son proseslərdə nümayişu etdirdiyi mövqe də göstərir ki, regionun gələcəyini müəyyənləşdirəcək əsas qüvvə bəzən silahlar deyil, masa arxasında qurulan siyasi körpülər olur.

Mahmud Athar

NE
Nihadə Eyyubova