Bakının Səbail rayonunda restoranda baş verən cinayətin təfərrüatı məlum olub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 11-də “Salon PUB” restoranında baş verib. 1993-cü il təvəllüdlü Aqil həmin gün, səhər saat 05:00-da restoranında olarkən alkoqol sərxoşluğu vəziyyətində əvvəllər tanımadığı Fəridin (adlar şərtidir – red.) onunla birlikdə restoranda istirahət edən sevgilisi ilə söhbət etməsini cüzi səbəb kimi bəhanə edib.
Bunu özü üçün qəbuledilməz hal hesab edib, əsassız mübahisə yaradıb. O, bu hərəkətləri ilə klubda olan digər müştərilərin də narahatçılığına, habelə həmin klubun normal iş fəaliyyətinin pozulmasına səbəb olub.
Daha sonra Aqil Fəridin sifət və baş nahiyəsindən yumruq zərbələri ilə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Aqilin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Aqil ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, öz nişanlısı ilə “Salon PUB” adlı məkanda oturan zaman onlara əvvəldən tanımadığım Fərid adlı şəxs yaxınlaşdı və bizimlə tanış oldu:
"Tanış olan zaman məlum oldu ki, Fərid və nişanlım Leyli əvvəllər tanış olublar. Söhbət əsnasında çox sərxoş olduğum üçün masanın üzərində yataraq qaldım. Leylinin səsinə oyandım və Fəridin onu narahat etdiyini gördüm. Fəridə masadan uzaqlaşmağı dedim. Lakin o, məni təhqir etdi. Bu zaman Fəridə üzündən bir zərbə vurdum. O, həmin zərbədən yıxıldı. Özümə gəldikdən sonra Leyli ilə Fəridi apararaq əl-üzümü yudum”.
İş üzrə zərərçəkmiş Fəridin sözlərinə görə, yanvarın 11-də, saat 12-dən bilyard oynamaq üçün gedib:
“Məkanda olan zaman pivə içdim. Boş yer gördüm və oturaraq heç kimə fikir vermədim. Daha sonra 10 il əvvəldən tanıdığım Leylini gördüm və tanıdım. Yaxınlaşaraq onunla söhbət etməyə başladım. Bununla da söhbət bitdi. Daha sonra duraraq bilyard masasının yanına keçdim və bilyard oynamaq üçün növbə gözlədim. Həmin an Aqil gələrək məni vurdu. Mənə heç bir kömək etmədi. Özümə gəldikdə başımın üstündə sadəcə Leyli olub. Hadisə nəticəsində burnum zədələnib”.
Şahid qismində ifadə verən Leyli bildirib ki, Aqili çoxdan tanıyır, evlənməyə hazırlaşırlar:
“Əylənmək üçün “Salon Pub” restoranına getdik. 10 il əvvəl evimdə usta kimi işləyən Fərid adlı şəxs bizim masaya yaxınlaşdı və bilyard oynamaq üçün növbə gözlədiyini bildirdi. O, bizimlə masada oturdu və əlavə içki sifariş etdi. Sərxoş olduq və Aqil yatdı. Bu zaman Fərid mənimlə danışmağa cəhd etdi, əlini belimə qoydu. Bundan narahat olaraq kənara keçdim. Daha sonra Aqil oyanaraq onu vurdu. Fərid Aqili dalaşmaq üçün təşviq edib”.
Səbail Rayon Məhkəməsinin hökmü ilə Aqil 3 min manat miqdarında cərimə olunub.
Fariz Məlikli Demokrat.az


