Uşaq tərbiyəsində valideynlərin xoş niyyətlə etdiyi bəzi davranışlar illər sonra övladların psixoloji inkişafına mənfi təsir göstərə bilər. Həddindən artıq nəzarət, davamlı müqayisə, uşağın hiss və düşüncələrinin nəzərə alınmaması kimi görünüşdə adi sayılan səhvlər gələcəkdə özünəinam problemlərinə, emosional çətinliklərə və müxtəlif travmalara səbəb ola bilir.
Bəs valideynlərin ən çox yol verdiyi və zamanla dərin izlər buraxan gizli səhvlər hansılardır?
Məsələ ilə bağlı psixoloq Elnur Rüstəmov Demokrat.az-a bildirib ki, uşaq tərbiyəsində valideynlərin ən çox etdiyi və sonradan uşağın psixoloji inkişafında iz buraxa bilən səhvlər adətən fiziki qayğı ilə deyil, emosional münasibətlə bağlı olur:
“Maraqlıdır ki, bir çox valideyn övladına zərər vermək istəmədiyi halda, bəzən sevgini, qayğını və məsuliyyəti yanlış formada ifadə etdiyi üçün gələcəkdə psixoloji çətinliklərin yaranmasına zəmin hazırlayır. Ən geniş yayılmış səhvlərdən biri uşağın hisslərini kiçiltmək və ya onları qəbul etməməkdir. Məsələn, uşaq ağladıqda və ya qorxduqda ona “ağlama”, “bunda nə var ki”, “sən böyüksən” kimi ifadələrin deyilməsi onun emosiyalarının dəyərsiz olduğu hissini yarada bilər. Uzun müddət belə münasibətlə qarşılaşan uşaqlar gələcəkdə hisslərini ifadə etməkdə çətinlik çəkə, daxili gərginliklərini gizlətməyə çalışa və emosional problemlərlə üzləşə bilərlər. Digər mühüm səhv uşağın daim tənqid olunması və başqaları ilə müqayisə edilməsidir. “Qonşunun uşağı daha yaxşı oxuyur”, “sən niyə onun kimi deyilsən” kimi ifadələr motivasiya yaratmaq əvəzinə uşağın özünəinamını zəiflədə bilir. Belə uşaqlarda zamanla özünü dəyərsiz hiss etmə, uğursuzluq qorxusu və mükəmməlçilik meyilləri formalaşa bilər. Valideynlərin bəzən fərqinə varmadan etdiyi başqa bir səhv sevgini şərtləndirməkdir. Uşaq yalnız uğur qazandıqda, yüksək qiymət aldıqda və ya valideynin gözləntilərini yerinə yetirdikdə sevildiyini hiss edirsə, onda “mən olduğum kimi deyil, yalnız nailiyyətlərimə görə dəyərləyəm” düşüncəsi yaranır. Bu isə gələcəkdə insanın özünü daim sübut etməyə çalışmasına, daxili narahatlığa və emosional yorğunluğa səbəb ola bilər. Həddindən artıq nəzarət və qoruyuculuq da ciddi risk faktorlarından hesab olunur. Bəzi valideynlər uşağın səhv etməsinə imkan vermir, onun yerinə qərarlar qəbul edir və bütün problemlərini özləri həll etməyə çalışırlar. Nəticədə uşaq müstəqil qərar verməyi, məsuliyyət daşımağı və çətinliklərlə mübarizə aparmağı öyrənə bilmir. Belə şəxslər yetkin yaşda həyati qərarlar qarşısında özlərini daha güvənsiz hiss edə bilərlər. Ailə daxilində davamlı münaqişələr, qışqırıq, aqressiv ünsiyyət və emosional soyuqluq da uşağın psixikasına ciddi təsir göstərir. Uşaqlar valideynlərin düşündüyündən daha çox müşahidə edir və ailə münasibətlərini öz gələcək münasibətlərinin modeli kimi qəbul edirlər”.
O deyib ki, gərgin ailə mühitində böyüyən uşaqlarda həyəcan pozuntuları, özünəinam problemləri və münasibətlərdə güvən çətinlikləri daha çox müşahidə olunur:
“Müasir dövrdə diqqət çəkən başqa bir məsələ uşağın maddi ehtiyaclarının emosional ehtiyaclardan üstün tutulmasıdır. Bir çox valideyn övladına ən yaxşı şəraiti yaratmağa çalışır, lakin onunla keyfiyyətli vaxt keçirməyə kifayət qədər imkan ayırmır. Halbuki uşaq üçün valideynlə təhlükəsiz emosional bağ maddi imkanlardan daha böyük əhəmiyyət daşıyır. Bahalı oyuncaqlar, kurslar və texnoloji vasitələr valideyn diqqətini və emosional yaxınlığı əvəz edə bilmir. Hər bir valideyn müəyyən səhvlər edə bilər və ideal valideyn anlayışı mövcud deyil. Əsas məsələ valideynin öyrənməyə açıq olması, uşağın ehtiyaclarını anlamağa çalışması və münasibətlərdə sevgi, hörmət, təhlükəsizlik və qəbul mühitini qorumasıdır. Elmi araşdırmalar göstərir ki, uşağın gələcək psixoloji sağlamlığını müəyyən edən ən mühüm amillərdən biri valideynlə qurduğu təhlükəsiz emosional bağlılıqdır. Məhz bu bağlılıq uşağın özünəinamlı, emosional dayanıqlı və sağlam şəxsiyyət kimi formalaşmasının əsasını təşkil edir”.
Leyla Turan Demokrat.az


