Ev dekorasiyasını yeniləmək istəyənlərin qarşılaşdığı ən zəhmətli işlərdən biri olan divar kağızının sökülməsi düzgün üsullar tətbiq edildikdə xeyli asanlaşa bilər.
Demokrat.az xəbər verir ki, mütəxəssislər divar səthinə zərər vermədən köhnə divar kağızlarını çıxarmaq üçün effektiv metodları açıqlayıb.
Dekorasiya üzrə mütəxəssislərə görə, divar kağızının necə çıxarılması onun növündən və istifadə olunan yapışdırıcının xüsusiyyətlərindən asılıdır. Buna görə işə başlamazdan əvvəl divar kağızının materialının müəyyən edilməsi vacib hesab olunur.
Mütəxəssislər ilk mərhələdə divar kağızının küncündən ehtiyatla qaldırılaraq asanlıqla ayrılıb-ayrılmadığının yoxlanılmasını tövsiyə edirlər. Bəzi müasir divar kağızları üst qatının bütöv şəkildə çıxarılmasına imkan verir, lakin köhnə modellərdə yapışqan qalıqları divarda qala bilər.
Sökmə prosesini asanlaşdırmaq üçün su və xüsusi məhlul qarışıqlarından istifadə oluna bilər. Hazırlanan qarışımın divar kağızına tətbiq edilməsindən sonra bir neçə dəqiqə gözləmək yapışdırıcının yumşalmasına kömək edir. Bu da kağızın spatula vasitəsilə daha rahat çıxarılmasını təmin edir.
Geniş sahələrdə işləyənlər üçün buxar aparatları da tövsiyə olunan üsullar arasındadır. Buxarın yapışdırıcını yumşaldaraq kağızın divardan asanlıqla ayrılmasını təmin etdiyi bildirilir. Bununla belə, proses zamanı diqqətli olmaq vacibdir, çünki həddindən artıq nəmlik bəzi divar səthlərində zədələnməyə səbəb ola bilər.
Mütəxəssislər həmçinin işə başlamazdan əvvəl elektrik rozetkalarının söndürülməsi, döşəmənin qoruyucu örtüklərlə örtülməsi və uyğun avadanlıqlardan istifadə edilməsini vacib hesab edirlər. Bu tədbirlər həm təhlükəsizliyi artırır, həm də təmizlik prosesini asanlaşdırır.
Divar kağızı tamamilə söküldükdən sonra səthdə qalan yapışqan qalıqlarının təmizlənməsi lazım olduğu qeyd edilir. Təmiz və hamar səthin əldə olunması sonradan boya və ya yeni divar kağızı tətbiqində daha keyfiyyətli nəticələr verir.
Mütəxəssislərə görə, səbirli və planlı iş aparıldıqda divar kağızının sökülməsi peşəkar kömək olmadan da həyata keçirilə bilər. Düzgün texnikaların tətbiqi həm vaxt qənaəti yaradır, həm də divarların zədələnməsinin qarşısını alır.
Jalə Demokrat.az


