Avto Özəl

Köhnə avtomobillər niyə hələ də küçələrdən yığışmır? — AÇIQLAMA

Köhnə avtomobillər niyə hələ də küçələrdən yığışmır? — AÇIQLAMA

Azərbaycanda köhnə və ekoloji baxımdan zərərli nəqliyyat vasitələrinin sayının azaldılması məqsədilə həyata keçirilən utilizasiya proqramı davam etsə də, bu istiqamətdə gözlənilən nəticələrin tam əldə olunmadığı müşahidə edilir. Xüsusilə paytaxt və iri şəhərlərin küçələrində istismar müddətini başa vurmuş, texniki vəziyyəti qənaətbəxş olmayan avtomobillərə hələ də rast gəlinir.

Bəs bunun səbəbi nədir?

Mövzu ilə bağlı fikirlərini bölüşən avtomobil üzrə ekspert Elgiz Mehdiyev Demokrat.az-a deyib ki, utilizasiya proqramına avtomobil təhvil vermək üçün müəyyən şərtlər var:

“Köhnə maşının kuzovu olmalıdır, kuzov nömrəsi oxunmalıdır və mütləq texniki pasport təqdim edilməlidir. Əks halda həmin avtomobili utilizasiyaya qəbul etmirlər. Hazırda xüsusilə 011, 016 kimi köhnə modellər, sənədləri qaydasındadırsa, təxminən 700 manat civarında qiymətləndirilir. Amma məsələ ondadır ki, şəhərdə sürülən ən köhnə, ən zəif vəziyyətdə olan avtomobillərin belə bazar qiyməti adətən 1000-1200 manatdan başlayır, bəzən 1500 manata qədər yüksəlir. Bu səbəbdən insanlar işlək vəziyyətdə olan avtomobili utilizasiyaya verməyi sərfəli hesab etmirlər. Utilizasiya zamanı ödənilən ən yüksək məbləğ də avtomobilin çəkisinə görə hesablanır”.

Onun sözlərinə görə, hazırda maksimum məbləğ 1700 manatdır və bundan artıq ödəniş edilmir:

“Ona görə də sürücülər düşünür ki, yeriyən, gündəlik istifadə edilən maşını utilizasiyaya verməkdənsə, onu son vəziyyətə qədər sürmək daha məntiqlidir. Adətən avtomobil tam yararsız vəziyyətə düşəndə, mühərriki sıradan çıxanda və ya maşın artıq hərəkət edə bilməyəndə evakuator çağırılır, maşın utilizasiyaya aparılır və qarşılığında müəyyən məbləğ alınır. Yəni praktiki olaraq heç kim işlək, sürülə bilən avtomobili aparıb utilizasiyaya təhvil vermir. Çünki bazarda həmin avtomobili satmaq daha sərfəli olur. Mövcud məbləğlərə görə utilizasiya proqramı daha çox tam yararsız, istifadəyə uyğun olmayan avtomobillər üçün maraqlı görünür”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova