Yerli yeməklərin dadına baxmaq istənilən xarici səfərin ən zövqlü hissələrindən biridir. Bir çox turist üçün hətta ölkə seçimi zamanı əsas motivlərdən biri məhz həmin regionun mətbəxini tanımaq istəyi olur.
Demokrat.az xəbər verir ki, "Time Out" nəşri 2026-cı il üzrə dünyanın ən yaxşı qastronomiya şəhərlərinin reytinqini dərc edib. Siyahının hazırlanması üçün jurnalistlər müxtəlif ölkələrdən minlərlə sakinin yerli mətbəxin keyfiyyəti, əlçatanlığı və çeşidliliyi barədə rəylərini toplayıb, həmçinin aşpazlar, restoran tənqidçiləri və qastronomiya ekspertlərini cəlb ediblər.
Müəlliflər qeyd edirlər ki, qiymətləndirmə zamanı təkcə restoranların populyarlığı deyil, həm də kulinariya ənənələri, məhsulların əlçatanlığı və yerli qida mədəniyyətinin xüsusiyyətləri nəzərə alınıb.
Ən yaxşı yeməkləri olan şəhərlərin ilk beşliyi belədir:
Lima, Peru. Nəşrin yazdığına görə, Peru paytaxtının qastronomiyası ölkənin böyük mədəni və regional müxtəlifliyini əks etdirir. Şəhərdə Perunun müxtəlif bölgələrinə aid yeməkləri dadmaq mümkündür – Amazon mətbəxindən tutmuş şimal və cənub regionlarının ənənəvi yeməklərinə qədər. Müəlliflər xüsusilə dünyaca məşhur seviçeni və ölkə xaricində az tanınan causa Limena yeməyini qeyd edirlər.
Lima həm də reytinqin qida həvəskarları üçün ən əlçatan şəhəri olub. Sorğulara əsasən, yerli sakinlərin 90 faizi restoranlara getməyin ucuz olduğunu, 85 faizi isə ümumilikdə şəhərin qida baxımından əlçatan olduğunu bildirib.
Banqkok, Tayland. Materialda bildirilir ki, Tayland paytaxtının müasir qida mədəniyyəti miqrasiya, beynəlxalq ticarət və Çin kulinariya ənənələrinin təsiri altında formalaşıb. Məhz bu amillər küçə yeməyi mədəniyyətinin və bir çox məşhur yeməklərin inkişafına ciddi təsir göstərib.
“Banqkokda ən yaxşı yeməklər çox vaxt eyni loxmada şirin, duzlu, turş və acı dadların birləşdiyi reseptlərdən yaranır”, deyə müəlliflər qeyd edir.
Mexiko, Meksika. Nəşr qeyd edir ki, Meksika paytaxtının qastronomik səhnəsi ənənəvi məhsullar və dünya mətbəxlərinin təsirini birləşdirir. Reytinq müəlliflərinə görə, şəhərin simvolu taco al pastor – çili və ədviyyatlarla marinad olunmuş, qarğıdalı tortilyasında təqdim edilən donuz ətidir.
London, Böyük Britaniya. “Time Out”un yazdığına görə, Britaniya paytaxtının qastronomiyası tarixi ingilis ənənələri ilə müxtəlif miqrasiya dalğalarının təsirini birləşdirir. Buna görə də burada klassik Britaniya restoranları ilə yanaşı Çin, Hindistan, Koreya və digər dünya mətbəxləri də geniş yayılıb.
“Müştərək yemək mədəniyyətini Londonlular qədər sevən başqa bir şəhər yoxdur”, deyə müəlliflər bildirir.
Barselona, İspaniya. Şəhərin kulinariya mədəniyyəti Aralıq dənizi tarixi, Roma irsi və beynəlxalq ticarətin təsiri ilə formalaşıb. Müasir katalan mətbəxinə Amerikanın kəşfindən sonra Avropaya gətirilən pomidor və kartof kimi məhsullar da ciddi təsir göstərib.
“Barselona həm də İspaniyada müasir restoran konseptinin formalaşdığı ilk şəhərlərdən biri olub”, deyə ekspertlər əlavə edir.
TOP-20 olan digər şəhərlər:
Ho Şi Min (Vyetnam); Melburn (Avstraliya); Pekin (Çin); Afina (Yunanıstan); Lissabon (Portuqaliya); Keyptaun (Cənubi Afrika); Osaka (Yaponiya); Banqalor (Hindistan); Neapol (İtaliya); Nyu-York (ABŞ); Honq Konq (Çin); Buenos Ayres (Argentina); Marsel (Fransa); Kopenhagen (Danimarka); Medellin (Kolumbiya).
Jalə Demokrat.az


