Müasir dövrdə insanlar arasında münasibətlərin xarakteri sürətlə dəyişir. Rəqəmsal texnologiyaların inkişafı, sosial şəbəkələrin geniş yayılması və ünsiyyət vasitələrinin asanlaşması əlaqələrin daha tez qurulmasına və eyni sürətlə də zəifləməsinə şərait yaradır. Sürətli yazışma, ani cavablar və görüntülü danışıq kimi imkanlar ünsiyyəti asanlaşdırsa da, bu proseslərin münasibətlərin davamlılığına necə təsir etdiyi sual doğurur.
Mövzu ilə bağlı sosioloq Hüseyn İbrahimov Demokrat.az-a bildirib ki, müasir münasibətlər dedikdə nəzərə almalıyıq ki, onların tərkibində hansı elementlər yer alır:
"Müasir münasibətlərdə qeyri-verbal ünsiyyət birbaşa verbal ünsiyyətə nisbətən daha geniş yer tutur. Bu qeyri-verbal ünsiyyət sosial şəbəkələr vasitəsilə daha da genişlənir. İnsanlar sosial şəbəkələrdən istifadə edərək bəzən real ünsiyyətə girəcəyi şəxslə bağlı əvvəlcədən aldığı informasiyalar səbəbindən ondan uzaqlaşır. Nəticədə gündəlik planlaşdırılan görüşlər, hal-əhval və yazışmalar əvəzinə tamamilə yeni gündəlik planlar ortaya çıxır. Bu hal dəyişən dünyanın informasiya və kommunikasiya sistemlərinin insan həyatına və gündəlik fəaliyyətinə artan təsiri ilə izah oluna bilər".
Sosioloq deyib ki, eyni zamanda insanların maraq göstərdiyi sahələr də sürətlə dəyişir:
"Əvvəlki dövrlərlə müqayisədə, 10–20 il öncə insanların maraq və məqsədlərinin üst-üstə düşdüyü məsələlər bu gün daha çox fərdiləşir və kollektiv təsir zəifləyərək fərdi və qrup təsirləri ön plana çıxır. Münasibətlərin qısaömürlü olmasının əsas səbəblərindən biri insanların maraqlarının həddən artıq sürətli, çoxşaxəli və dəyişkən olmasıdır. Bu gün insanları maraqlandıran hadisələr və tələbatlar tez-tez dəyişir və bu dəyişikliklər münasibətlərin də daha tez dəyişməsinə səbəb olur.
Əgər 15–20 il əvvəllə müqayisə etsək, görərik ki, indi insanlar bəzən yaxınları və dostları ilə görüşməyə belə vaxt tapa bilmirlər. Burada əsas sual odur ki, zamanmı sürətlənib, yoxsa insanların münasibətlərə yanaşması dəyişib. Bu proseslərdə sürət amili mühüm rol oynayır, lakin tək səbəb deyil. Digər tərəfdən, alınan informasiyaların çoxçeşidli və çoxqütblü olması, tələbatların və sosial-mədəni ehtiyacların dəyişməsi də bu sürətə təsir edir. Həyat tərzi, davranış normaları və sosial strukturlar dəyişdikcə bu dəyişikliklər cəmiyyətin mikrostrukturuna da təsir göstərir.
Açıq və demokratik cəmiyyətlərdə bu amillərin hamısı birlikdə münasibətlərin qısaömürlülüyü tendensiyasını gücləndirə bilər. Bu tendensiya həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərə, eləcə də ailə institutuna təsir göstərir. Bəzi hallarda bu təsirlər reqressiv xarakter daşıyır və ailə institutunda davamlılığın zəifləməsinə səbəb ola bilir",- deyə o qeyd edib.
Əfsanə Kamal Demokrat.az


