Gilas mövsümünün gəlişi ilə çoxları bu ləzzətli meyvədən bol-bol dadmağa çalışır. Lakin mütəxəssislər gilasın faydaları ilə yanaşı, həddindən artıq istehlakının yarada biləcəyi fəsadlar barədə xəbərdarlıq edir.
Demokrat.az xəbər verir ki, endokrinoloq və diyetoloq Darya Xaykina gilasın insan orqanizminə təsirləri və təhlükəsiz gündəlik norması haqqında danışıb. Həkim hətta ən faydalı məhsulların belə qədərində yeyilməli olduğunu bildirib.
"Gilasın optimal porsiyası gündə təxminən 100-150 qramdır. Onu acqarına yox, əsas yeməkdən sonra yemək daha yaxşıdır. Həddindən artıq daddıqda köp yarana və qanda şəkərin səviyyəsi kəskin dəyişə bilər"
Mütəxəssis gilasın maraqlı xüsusiyyətlərindən birini də qeyd edib. Onun sözlərinə görə, bu meyvənin tərkibində yuxu və oyaqlıq dövrlərinin tənzimlənməsində iştirak edən melatonin maddəsi var. Bu səbəbdən günün ikinci yarısında normanı aşmamaq şərtilə gilas yemək daha rahat yuxuya getməyə kömək edir, gecə istirahətinin keyfiyyətini artırır.
Bundan əlavə, mövsüm boyu gilas alarkən onun təzəliyinə və saplaqlarının rənginə də xüsusi diqqət yetirmək tövsiyə olunur.
Leyla Demokrat.az


