Bir çox aşağı kalorili hesab edilən məhsullar əslində gözləniləndən daha çox şəkər ehtiva edir. Gizli şəkər tez-tez səhər yeməyi məhsullarında, duzlu qəlyanaltılarda və “sağlam” kimi təqdim olunan qidalarda olur.
Demokrat.az xəbər verir ki, bu barədə “Verywell Health” yazır və aşağıdakı məhsulları qeyd edir.
Quru səhər yeməkləri
Quru səhər yeməkləri çox vaxt yüksək şəkər tərkibli olduğuna görə həddindən artıq emal olunmuş məhsullar sayılır. Standart bir porsiya 11 qramdan çox şəkər ehtiva edə bilər.
“Uşaqlar adətən şəkərli lopaları daha çox yeyir ki, bu da şəkərin həddindən artıq qəbuluna səbəb olur. Sağlamlıq risklərinin (hiperqlikemiya, diabet, ürək-damar xəstəlikləri) qarşısını almaq üçün etiketləri oxuyun və az şəkərli variantları seçin”, deyə materialda qeyd olunur.
Hazır yulaf sıyığı
Səhərlər üçün rahat seçim olsa da, çox vaxt əlavə şəkərlə şirinləşdirilir.
Mütəxəssislər məhsul etiketində “əlavə şəkər” göstəricisinin %20-dən çox olmasının yüksək şəkər tərkibi sayıldığını bildirir.
Qatıq
Qatıq faydalı məhsul olsa da, bəzi növləri yüksək şəkər tərkibli ola bilər. 100 qramda 10–13 qram və ya daha çox şəkər ola bilər.
Ekspertlər daha az şəkər tərkibli olan yunan qatığının seçilməsini tövsiyə edir.
Protein batonları
Tez-tez sağlam qəlyanaltı kimi təqdim edilsə də, bir çox protein batonlarında yüksək miqdarda şəkər və kalori var.
“Protein batonları adətən 20–40% zülal, 10–50% karbohidrat və 10–15% yağ ehtiva edir. Daha yaxşı seçim üçün tərkibində şəkərdən çox zülal olan batonları seçin”, deyə nəşr qeyd edir.
Souslar və ədviyyatlar
Bir çox sous və ədviyyatda gizli şəkər olur, o cümlədən: – ketçup – kabab sousu – bal xardalı – makaron sousları – salat sousları
Şəkəri azaltmaq üçün bu məhsulların istifadəsi məhdudlaşdırılmalı və ya xardal, salsa, zeytun yağı və sirkə kimi alternativlərlə əvəz olunmalıdır.
Cem
Meyvədən hazırlansa da, bu məhsullar yüksək miqdarda şəkər ehtiva edə bilər. Mütəxəssislər şəkərsiz və ya az şəkərli variantların seçilməsini tövsiyə edir.
Jalə Demokrat.az


